Qafqaz regionu tarix boyu müxtəlif xalqların maraq toqquşmalarının, siyasi iddiaların və mədəni mübarizələrin mərkəzi olub. Bu qədim coğrafiyanın avtoxton sakinləri olan azərbaycanlıların yaratdığı mədəniyyət, inanc sistemi və maddi irs isə xüsusilə Rusiya imperiyasının bölgəyə daxil olmasından sonra ciddi təhriflərə məruz qalıb.
XVII əsrdən sonra regiona köçürülən və tarixi olaraq yerli mədəni-inanc sistemi olmayan erməni və gürcülər tərəfindən Alban irsinin sistemli şəkildə mənimsənilməsi geniş vüsət alıb. Qədim Qafqaz Albaniyasına məxsus mədəni və dini abidələr müxtəlif dövrlərdə ya dağıdılıb, ya da başqa ad altında özününküləşdirilib.
Alban irsinin məhv edilməsi: tarixi faktlar
VIII əsrin əvvəllərində Alban kilsəsinin zəngin kitabxanasının yandırılması, 1915-ci ildə Amasiyada Əbdüllətif Əfəndi kitabxanasındakı əlyazmaların məhv edilməsi bu siyasətin açıq nümunələridir. Rusiya imperiyası 1815-ci ildən başlayaraq Alban kilsəsinin müstəqil sistemini ləğv edərək onu erməni və gürcü kilsələri arasında bölüşdürdü. Beləliklə, erməni Qriqoryan və gürcü pravoslav kilsələri Alban abidələri üzərində söz sahibi oldular. Zamanla yüzlərlə alban məbədi, monastır və kilsə ya dağıdıldı, ya da yeni dini-milli kimlik altında dəyişdirildi.
Kürmük məbədi: qədim Ay və Günəş kultunun izi
Qax rayonundakı Kürmük məbədi də həmin abidələrdən biridir. Məbəd adını ərazidən keçən Kürmük çayından alır. “Kürmük” sözünün kökü “kür” (dəlisov su) və hun mənşəli “muq” etnonimi ilə əlaqələndirilir. Alban dilində “kür” elə çay anlamına gəlir. Bəzi mənbələr bu adın qədim türk tanrısı “Kür”lə bağlanmasını, şumerşünaslar isə “Kur”un yaradıcı–dağıdıcı başlanğıcın simvolu olduğunu göstərirlər.
Məbədin ilkin funksiyası xristianlıqdan xeyli əvvəl Ay və Günəş kultu ilə bağlı qədim ibadətgah olub. Xristianlığın bölgədə yayılmasından sonra alban din xadimləri qədim ibadət yerinin üzərində yeni kilsə inşa ediblər.
Rus-pravoslav kilsəsinin tikintisi və alban izlərinin üstünün örtülməsi
1892–1894-cü illərdə məhz, bu qədim alban məbədinin yerində rus-pravoslav kilsəsi inşa edildi. Qırmızı kərpicdən tikilən bu bina dairəvi zəng qülləsi, dar pəncərələr və rus-pravoslav üslubuna məxsus konstruksiya elementləri ilə seçilir.
Arxeoloji qazıntılar nəticəsində kilsənin altında alban məbədinin və monastırının qalıqları aşkara çıxıb. Bu isə Kürmük ərazisinin ən qədim dövrlərdən ibadət mərkəzi olduğunu təsdiqləyir.
Gürcü kilsəsinin iddiaları: “Müqəddəs Georgi Məbədi”
Rusiyanın dəstəyi ilə bölgəyə yerləşdirilmiş gürcü icmasına sonradan Kürmük məbədi “Müqəddəs Georgi kilsəsi” kimi təqdim edildi. Gürcü tərəfi bu abidənin guya pravoslav ənənəsinə aid olduğunu iddia etsə də, məbədin memarlıq ornamentləri, rəsmləri və simvolları alban-türk dünyagörüşünün açıq izlərini daşıyır.
Alban xaçlarının ornamentlərində göy cisimlərinə sitayiş, atəşpərəstlik təsvirləri, eləcə də, türkdilli xalqlara məxsus naxışlar bunun bariz sübutudur. Bu faktlar gürcü və erməni kilsələrinin bölgədə “antik” dini irs yaratmaq cəhdlərinin əsassız olduğunu göstərir.
Xalq yaddaşı və “Kürmükoba” ayini
Kilsənin xristianlaşdırılmasına baxmayaraq yerli əhali əsrlərdir buranı “Kürmük piri”, “ocaq”, “alban məbədi” kimi qəbul edir.
Burada hələ də qədim ayinlər yaşadılır:
— ağaclara əski bağlama
— qaya üstündə şam yandırma
— qurban kəsmə (xoruz, toyuq, qoyun)
— niyyət etmə mərasimləri
Bu ayinlərin hamısı xristianlıqdan əvvəlki türk inanc sisteminin davamı olaraq yaşayır.
Kürmükdə hər il keçirilən “Kürmükoba” mərasimi də qədim ayinlərin müasir formasıdır. Gürcü tərəfinin bu bayrama xristian məzmunu vermək və onu “Müqəddəs Georgi Günü” kimi göstərmək cəhdləri isə növbəti mədəni mənimsəmə aktı kimi qiymətləndirilir.
Bu gün Kürmük məbədi
Qax rayonunun yüksəkliklərindən birində yerləşən məbəd həm təbiətin təsirləri, həm də zamanın dağıdıcı qüvvələri qarşısında xeyli zərər görüb. Buna baxmayaraq, əraziyə gələnlər hələ də qədim alban divar naxışlarını, freskaları və tarixi zəngin izlərini görə bilirlər.
Kürmük məbədi təkcə dini abidə deyil, Azərbaycan xalqının qədim alban irsinin canlı şahididir.
Prof. Dr. Zaur Əliyev