Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanmasının noyabrın 23-də rəsmən elan ediləcəyini bildirib. O, layihə çərçivəsində Ermənistanın elektrik şəbəkəsinin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsinin planlaşdırıldığını açıqlayıb.
MSNews.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 21-də İrəvanda keçirilən “DigiTec 2026” texnologiya forumunda NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyanla müzakirə zamanı danışıb.
“TRIPP layihəsinin çox mühüm hissəsini energetika və elektrik enerjisinin tranziti təşkil edir. Biz elektrik şəbəkəmizi Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə birləşdirəcəyik”, – deyə Ermənistanın Baş naziri bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan artıq İran və Gürcüstanın elektrik şəbəkələrinə qoşulub. Hazırda elektrik enerjisinin ötürülməsini daha səmərəli etmək üçün əlavə investisiyalar həyata keçirilir.
Baş nazir bu dəyişiklikləri regionda iqtisadi əlaqələrin inkişafı baxımından mühüm addım kimi qiymətləndirərək “Sülh qovşağı” layihəsinin reallığa çevrildiyini vurğulayıb.
Paşinyan Azərbaycan və Türkiyə ilə gələcək iqtisadi əməkdaşlığın süni intellekt sahəsini də əhatə edə biləcəyini bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını tənqid edənlər məsələyə strateji baxımdan yanaşmalıdırlar.
“Biz onlardan elektrik enerjisi alıb, onlara süni intellekt sata bilərik. Beləliklə, bir-birimiz üçün əhəmiyyətli tərəfdaşlara çevrilərik”, – deyə Paşinyan bildirib.
Baş nazir Ermənistanın süni intellekt sahəsində regional xidmət mərkəzinə çevrilməsini hədəflədiyini də qeyd edib. O, texnologiya sektoruna yatırılan investisiyaların gələcəkdə ölkənin enerji tələbatını artıra biləcəyini bildirib.
Paşinyan əvvəlcə TRIPP layihəsinin başlanmasının noyabrın 22-də elan ediləcəyini bildirsə də, sonradan tarixi səhv saldığını açıqlayıb.
Onun “Telegram” kanalında verdiyi düzəlişə əsasən, rəsmi başlanğıc noyabrın 23-də, bazar ertəsi elan olunacaq.
Qeyd edək ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat və kommunikasiya əlaqələrinin yaradılmasını nəzərdə tutur. Layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar çərçivəsində irəli sürülüb.
Layihənin başlanmasının elan olunması nəqliyyat və enerji infrastrukturlarının artıq tam istifadəyə verildiyi anlamına gəlmir. Elektrik şəbəkələrinin birləşdirilməsi və nəzərdə tutulan digər işlər növbəti icra mərhələlərində həyata keçirilməlidir.