Rumıniya parlamenti Baş nazir İlie Boloyanın rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərib. Mayın 5-də keçirilən səsvermədə etimadsızlıq təşəbbüsü qəbul olunub və bununla da Boloyanın proAvropa yönümlü hökuməti fəaliyyətini dayandırıb.
MSNews.az “Associated Press”-ə istinadən xəbər verir.
Səsvermənin nəticələrinə görə, etimadsızlıq təklifi üçün tələb olunan minimum 233 səs həddi keçilib. Yerli medianın yaydığı rəsmi nəticələrə əsasən, təklifin lehinə 281 deputat və senator səs verib, əleyhinə isə cəmi 4 səs qeydə alınıb.
Hökumətin süqutuna əsas səbəb kimi hakim koalisiyada yaranan fikir ayrılıqları göstərilir. Sosial Demokrat Partiyasının koalisiyadan çıxması Boloyan kabinetini parlament çoxluğundan məhrum edib. Daha sonra sosial-demokratlar sağçı müxalif AUR partiyası ilə birlikdə etimadsızlıq təşəbbüsünü parlamentə təqdim ediblər.
Məlumatlara görə, siyasi böhranın fonunda ölkədə aparılan sərt iqtisadi islahatlar, büdcə kəsirinin azaldılması tədbirləri, inflyasiya və iqtisadi durğunluqla bağlı narazılıqlar əsas müzakirə mövzularından olub. Reuters yazır ki, hökumətin buraxılması Rumıniyanın dövlət borcu reytinqi, Avropa İttifaqı fondlarına çıxışı və milli valyutanın sabitliyi ilə bağlı riskləri artırır.
Rumıniya qanunvericiliyinə əsasən, Boloyan kabineti yeni hökumət formalaşana qədər müvəqqəti rejimdə fəaliyyətini davam etdirəcək. Prezident Nikuşor Danın yaxın günlərdə yeni baş nazir namizədinin müəyyənləşdirilməsi üçün siyasi partiyalarla məsləhətləşmələr aparacağı gözlənilir.