Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu açıqladı

Britaniya şahzadəsi Harri Rusiya ilə hərbi qarşıdurma yaranacağı təqdirdə yenidən orduya qayıtmağa hazır olduğunu bildirib. O, Avropanı təhlükəsizlik risklərinə qarşı hazırlıqlı olmağa çağırıb.

30

Böyük Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı ehtiyac yaranarsa, yenidən orduda xidmət etməyə hazır olduğunu açıqlayıb. O, Avropanı Moskvadan qaynaqlanan təhlükələrə qarşı hazırlıqlı olmağa çağırıb.

MSNews.az xəbər verir ki, Harri bu barədə noyabrın 18-də yayımlanan “The Telegraph” nəşrinə müsahibəsində bildirib.

Şahzadənin sözlərinə görə, Avropa ölkələri Rusiyadan gələn təhlükənin ciddiliyini artıq dərk etməyə başlayıblar.

“Hamımız narahat olmalı və hazırlıqlı olmalıyıq. Əvvəllər xidmət etmiş şəxslər yenidən orduya qayıtmağa hazır olmalıdırlar”, – deyə Harri vurğulayıb.

O bildirib ki, Britaniyanın hərbi xidmətə ehtiyacı yaranarsa, keçmiş silahdaşları ilə birlikdə ölkəsini müdafiə etməyə hazırdır.

“The Independent” nəşrinin məlumatına görə, Harri bu açıqlamaları Ukraynanın Lvov şəhərinə səfəri zamanı verib. Şahzadə Avropanın Rusiyadan gələn təhlükəyə daha ciddi yanaşmasının vacibliyini qeyd edib.

Harri Britaniya ordusunda 10 il xidmət edib və Əfqanıstanda iki hərbi missiyada iştirak edib. O, “Apache” döyüş helikopterinin pilotu olub və 2015-ci ildə hərbi xidmətdən ayrılıb.

“ITV News” telekanalının məlumatına görə, şahzadə həmçinin 2027-ci ildə hərbi veteranların işlə təmin olunmasına kömək edəcək beynəlxalq layihəyə başlamağı planlaşdırır.