ABŞ kəşfiyyatı İranın Vaşinqtonda Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı “çirkli bomba” və ya kimyəvi silahla hücum planları hazırlaya biləcəyinə dair məlumat əldə edib.
MSNews.az xəbər verir ki, bu barədə “CNN” kəşfiyyat məlumatları ilə tanış olan yeddi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tehran ABŞ paytaxtında radioaktiv maddələr yayan partlayıcı qurğudan və ya kimyəvi silahdan istifadə imkanlarını nəzərdən keçirir. Hücum üçün tələb olunan materialların artıq ABŞ ərazisində gizlədilmiş ola biləcəyi ehtimal edilir.
Bununla belə, Amerika rəsmiləri İranın belə bir hücumu həyata keçirmək imkanları və niyyətləri barədə vahid mövqeyə malik deyillər. Kəşfiyyat məlumatları hücumun qaçılmaz olduğunu təsdiqləmir.
“Reuters” agentliyinin məlumatına görə, Donald Tramp noyabrın 17-də məsələni ciddi qəbul etdiklərini və araşdırdıqlarını bildirib. O, mümkün hücumun İran üçün ağır nəticələr doğuracağı barədə xəbərdarlıq edib.
İran Xarici İşlər Nazirliyi isə iddiaları əsassız adlandıraraq rədd edib. Ağ Ev də hazırda ABŞ ərazisinə qarşı təsdiqlənmiş etibarlı hücum təhlükəsinin olmadığını açıqlayıb.
Qeyd edək ki, “çirkli bomba” adi partlayıcı vasitəsilə radioaktiv materialların ətrafa yayılmasını nəzərdə tutur və nüvə bombasından fərqlənir.