Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux korrupsiya ittihamları fonunda vəzifəsindən istefa vermək qərarını açıqlayıb. Dövlət başçısı ona qarşı irəli sürülən ittihamları rədd edərək həqiqətin üzə çıxarılması və nüfuzunun bərpası üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 17-də Monqolustanın dövlət xəbər agentliyi “MONTSAME” məlumat yayıb.
Xəbəri “Reuters” və “Associated Press” agentlikləri də təsdiqləyib.
Xurelsuxun qərarı müxalif Demokratik Partiyanın ölkə rəhbərliyinə qarşı səsləndirdiyi korrupsiya ittihamlarından sonra verilib.
Noyabrın 16-da partiyanın parlament fraksiyası prezident və hakim Monqolustan Xalq Partiyasının bir sıra yüksəkvəzifəli nümayəndələri barədə araşdırma başlanmasını tələb edib.
İttihamların mərkəzində Tavantolqoy–Qaşuunsuxayt dəmir yolu layihəsi dayanır.
Sabiq ədliyyə naziri və Ulan-Batorun keçmiş meri Xişqee Nyambaatar Xurelsuxu layihə ilə əlaqədar 25 milyon dollar rüşvət almaqda ittiham edib.
İddialara görə, dəmir yolunun tikintisi üzrə müqavilə 2019-cu ildə, Xurelsux baş nazir olduğu dövrdə, açıq tender keçirilmədən “Bodi International” şirkətinə verilib.
Prezident ittihamları rədd edir. “Bodi International” şirkəti də rüşvət ödənilməsi barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.
İstefa qərarını açıqlayan dövlət başçısı son həftələr ərzində ona qarşı qarayaxma kampaniyası aparıldığını iddia edib.
Xurelsux bildirib ki, Demokratik Partiyanın istefa və araşdırma tələbi ilə razılaşır. O, prezident səlahiyyətlərini təhvil verməyə, barəsində araşdırma aparılmasına və öz nüfuzunu bərpa etməyə hazır olduğunu açıqlayıb.
Dövlət başçısı qanun qarşısında hər kəsin bərabər olduğunu vurğulayıb.
Monqolustan qanunvericiliyinə görə, prezidentin istefa qərarı avtomatik qüvvəyə minmir.
İstefanın rəsmiləşməsi üçün 126 deputatdan ibarət Böyük Dövlət Xuralının (parlamentin) təsdiqi tələb olunur.
Prezident Administrasiyasının rəhbəri Altanxuyagiyn Uylstuquldurun açıqlamasına əsasən, məsələnin bu həftə parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Parlament istefanı qəbul edərsə, onun sədri müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək. Yeni prezident seçkiləri dörd ay ərzində keçirilməlidir.
2021-ci ildə prezident seçilən Xurelsux daha əvvəl Monqolustanın baş naziri vəzifəsində çalışıb.
Onun istefa açıqlaması ölkədə son aylarda yaşanan siyasi qeyri-sabitlik fonunda verilib. Hakim partiya daxilində fikir ayrılıqları və korrupsiya ilə bağlı ittihamlar Monqolustan siyasətinin əsas müzakirə mövzularından birinə çevrilib.