Nauru- bir zamanlar dünyanın ən zəngin ölkəsi idi, indi yaşamaq uğrunda mübarizə aparır

Sakit okeandakı Nauru adası bir zamanlar dünyanın ən zəngini idi, indi isə fosfat ehtiyatlarının tükənməsi və iqlim böhranı ilə mübarizə aparır.

129

Sakit okeanın ortasında yerləşən Nauru adası XX əsrdə böyük iqtisadi möcüzəyə şahid oldu. Lakin təbii resurslarının tükənməsi ilə “dünyanın ən zəngin ölkəsi” kimi tanınan Nauru indi yox olma təhlükəsi ilə üz-üzədir.

Mikroneziya bölgəsində yerləşən Nauru, cəmi 8 kvadratkilometr sahəsi ilə dünyanın ən kiçik ada ölkələrindən biridir. Əsrin əvvəllərində kəşf edilən fosfat yataqları Nauruya qısa müddətdə böyük sərvət gətirdi. 1907-ci ildə başlayan mədənçilik fəaliyyəti uzun illər ingilis, Avstraliya və Yeni Zelandiya şirkətlərinin nəzarətində aparıldı.

1968-ci ildə müstəqilliyini elan edən ölkə, fosfat mədənlərinin idarəsini öz əlinə aldıqdan sonra sərvət partlaması yaşadı. 1980-ci illərdə əhali başına düşən gəlir bəzi Yaxın Şərq ölkələrindən belə yüksək idi. Dövlət vətəndaşlarına xaricdə tibbi xidmət, təhsil və nəqliyyat daxil olmaqla hər şeyi pulsuz təqdim edir, vergini ləğv etmişdi. İşsizlik demək olar ki, yox idi. Lüks avtomobillər, idxal malları və yüksək həyat səviyyəsi “kiçik ada möcüzəsi” kimi tanınırdı.

1990-cı illərə gələndə fosfat ehtiyatları demək olar ki, tamamilə tükənmişdi. Onilliklər boyu aparılan nəzarətsiz mədənçilik adanın 80%-ni yaşanmaz hala gətirmişdi. Bir zamanlar yaşıl təpələrlə örtülmüş Naurunun daxili hissələri indi ağ kirəc daşlarından ibarət boş torpağa çevrilib. Kənd təsərrüfatı mümkün deyil, içməli su mənbələri çirklənib, dəniz həyatı ciddi zərər görüb. Alimlər bildirir ki, yerli balıq növlərinin təxminən 40%-i tamamilə yox olub. Zənginlikdən isə yalnız dağılan ekosistem, borclu iqtisadiyyat və gələcəyə dair qeyri-müəyyənlik qalıb.

Nauru hökuməti çöküşü dayandırmaq üçün müxtəlif yollar sınayıb. Ölkə bir dövrdə “vergidən azad cənnət” olaraq beynəlxalq investorlara açılıb, sonra isə “qızıl pasport” proqramı ilə yüksək məbləğə xaricilərə vətəndaşlıq satıb. Lakin bu addımlar uzun müddətli həll olmadı.

2001-ci ildə Avstraliya ilə razılaşmaya əsasən, Nauruda qaçqınları yerləşdirmək üçün Regional Emal Mərkəzi yaradıldı. Bu mərkəz illər ərzində ölkə iqtisadiyyatının əsas gəlir mənbəyinə çevrildi.

Bu gün Nauru qarşısında yalnız iqtisadi deyil, varoluş təhlükəsi də var: iqlim böhranı. Hər il dəniz səviyyəsi yüksəlir və ada gündən-günə kiçilir. Alimlər bildirir ki, növbəti 30 ildə Naurunun sahil bölgələrinin böyük hissəsi su altında qala bilər.

2025-ci il üçün hökumət sahil boyunca yaşayan vətəndaşların köçürülməsi üçün yeni plan hazırlayıb. Bu köç üçün xərcləri qarşılamaq məqsədilə vətəndaşlıq satış proqramı yenidən aktivləşdirilib. Beləliklə, ada xalqı bir zamanlar fosfatdan əldə etdiyi gəlirlə böyüyən iqtisadiyyatı indi sağ qalmaq üçün vətəndaşlıq satararaq davam etdirməyə çalışır.