Azərbaycanda maaşların gizlədilməsinə qarşı yeni sistem tətbiq olunacaq

Azərbaycanda əməkhaqqının gecikdirilməsi, az ödənilməsi və müəyyən hissəsinin gizlədilməsinin qarşısını almaq üçün yeni elektron nəzarət mexanizmi hazırlanır. İşçilər maaşlarını köçürmək üçün bank hesablarını özləri seçə biləcəklər.

16

Azərbaycanda əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və müəyyən hissəsinin gizlədilməsi hallarına qarşı yeni elektron nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur. Yeni sistem vasitəsilə işçilərə faktiki ödənilən məbləğlər elektron qaydada izləniləcək.

MSNews.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib. Məlumatı “Report” yayıb.

Nazir müavininin sözlərinə görə, əməkhaqqı və digər ödənişlərin nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki məlumatlar əsasında Mərkəzi Bankın müəyyən etdiyi elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

İşçilər maaşlarının köçürüləcəyi bank hesabını sərbəst şəkildə seçə biləcəklər.

Zaur Əliyev bildirib ki, yeni mexanizm əmək müqaviləsində göstərilən maaşla faktiki ödənilən məbləğin müqayisəsinə imkan yaradacaq. Bununla da əməkhaqqının gecikdirilməsi, az ödənilməsi və gizlədilməsi hallarına nəzarət gücləndiriləcək.

Sistem həmçinin işçilərin gəlir tarixçəsini elektron formada əldə etməsinə, məzuniyyət, ezamiyyət və xəstəlik dövründə orta əməkhaqqının avtomatik hesablanmasına imkan verəcək.

Bundan başqa, işəgötürənlərin hesabatlılıq yükünün azaldılması, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, yeni mexanizm hələ təklif mərhələsindədir. Onun tətbiqinə başlanılacağı dəqiq tarix açıqlanmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.