Almaniyadan Ukraynasız sammit təşəbbüsü – ABŞ və Rusiya dəvət olunur

Almaniyanın müxalif AfD partiyası 2027-ci ilin yazında ABŞ, Rusiya və Almaniyanın iştirakı ilə Əbu-Dabidə üçtərəfli sammit keçirməyi planlaşdırır. Ukraynanın iştirakının nəzərdə tutulmadığı görüşdə enerji əməkdaşlığı və “Şimal axını” layihəsi müzakirə edilə bilər.

5

Almaniyanın müxalif “Almaniya üçün Alternativ” (AfD) partiyası 2027-ci ilin yazında ABŞ, Rusiya və Almaniya nümayəndələrinin iştirakı ilə üçtərəfli sammit təşkil etməyi planlaşdırır. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan görüşə Ukraynanın dəvət olunması planlaşdırılmır.

MSNews.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, təşəbbüsü noyabrın 2-də keçirilən mətbuat konfransında AfD-nin Bundestaqdakı fraksiyası sədrinin müavini və parlamentin Xarici işlər komitəsinin üzvü Markus Fronmayer açıqlayıb.

Fronmayerin sözlərinə görə, sammitdə Almaniya, ABŞ və Rusiya arasında iqtisadi və enerji əməkdaşlığının bərpası, xüsusilə “Şimal axını” qaz kəmərlərinin gələcəyi müzakirə oluna bilər.

“Handelsblatt” nəşri yazır ki, AfD görüşü Almaniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və Rusiya ilə iqtisadi əlaqələrin yenidən qurulması üçün fürsət hesab edir. Partiya nümayəndələri “Şimal axını” qaz kəmərlərinin yenidən istifadəyə verilməsini dəstəkləyirlər.

AfD rəsmiləri ABŞ Dövlət Departamenti, Donald Trampın müşavirləri, Rusiya Xarici İşlər Nazirliyi və Kreml administrasiyası ilə əlaqələr saxladıqlarını iddia edirlər. Partiya nümayəndələri hər iki ölkənin kəşfiyyat strukturları ilə də təmaslarının olduğunu bildiriblər.

Məlumata görə, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev oktyabrın 22-də AfD təmsilçiləri ilə dekabr ayında görüşməyi planlaşdırdıqlarını açıqlayıb. O, 2027-ci ilin ikinci rübündə beynəlxalq forum keçirilməsi ehtimalına da toxunub. Lakin həmin tədbirin yeri və gündəliyi barədə dəqiq məlumat verməyib.

AfD-nin təşəbbüsü Almaniya hökumətinin Ukrayna ilə bağlı mövqeyindən fərqlənir. Rəsmi Berlin Ukraynanın iştirakı olmadan dayanıqlı sülhün mümkün olmadığını vurğulayır və Avropa ölkələrinin sülh danışıqlarında təmsil edilməsini tələb edir.

Eyni zamanda, AfD-nin xarici siyasət üzrə nümayəndələri Ukraynaya hərbi yardımın mümkün qədər tez dayandırılmasını, ölkənin NATO və Avropa İttifaqına üzv olmamasını müdafiə edirlər. Bu mövqelər partiya təmsilçilərinin noyabrın 2-də təqdim etdiyi sənədlərdə də əksini tapıb.

Qeyd edək ki, AfD Almaniyada müxalifət partiyasıdır və federal hökuməti təmsil etmir. ABŞ və Almaniya hökumətlərinin təklif edilən sammitdə iştirak etməyə razılıq verdikləri təsdiqlənməyib. Buna görə də təşəbbüs hələlik rəsmi dövlətlərarası danışıqlar formatı deyil.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.