Polşanın Krakov şəhərinin mərkəzində silahlı şəxsin avtomobildən yoldan keçən insanlara atəş açması nəticəsində 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılar arasında iki polis əməkdaşı da var.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 7-də yerli vaxtla saat 15:00 radələrində şəhərin tarixi mərkəzində yerləşən Baş Bazar meydanında (Rynek Główny) baş verib.

“Reuters” agentliyinin son məlumatına görə, hücum nəticəsində 4 qadın və 2 kişi həyatını itirib. Yaralanan polis əməkdaşlarından birinin vəziyyəti ağır, digərinin isə kritik qiymətləndirilir.
Polşa polisinin məlumatına əsasən, hərbi geyimdə olan silahlı şəxs avtomobillə meydan ərazisinə daxil olaraq insanlara nizamsız şəkildə atəş açıb. Hadisə yerindən uzaqlaşmağa çalışan hücumçu polislə atışma zamanı yaralanaraq saxlanılıb və xəstəxanaya çatdırılıb.

“TVP Info” bildirir ki, hücumdan sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə yerində xilasetmə əməliyyatı aparılıb.
İlkin araşdırmalar zamanı şübhəlinin avtomobilində əlavə silah və sursat aşkarlanıb. Polis hücumçunun 24 yaşlı Polşa vətəndaşı olduğunu müəyyənləşdirib. Hadisənin motivi hələ açıqlanmayıb.

Polşanın Baş naziri Donald Tusk vəziyyət barədə mütəmadi məlumat aldığını bildirib və hüquq-mühafizə orqanlarının hadisənin bütün təfərrüatlarını araşdırdığını açıqlayıb.
Qeyd edək ki, ilkin məlumatlarda 5 nəfərin öldüyü və 10-dan çox şəxsin yaralandığı bildirilirdi. “Reuters” və “Associated Press” agentliklərinin daha yeni məlumatlarında ölənlərin sayı 6, yaralıların sayı isə 15 olaraq göstərilir.