ABŞ-da federal hakim Tanya Çutkan Prezident Donald Trampın paytaxt Vaşinqtonda inşa etdirmək istədiyi nəhəng zəfər tağının tikintisini müvəqqəti dayandırıb. Qərara əsasən, layihə üzrə bütün tikinti işlərinə 14 günlük qadağa qoyulub.
MSNews.az xəbər verir ki, qərar noyabrın 5-də Paytaxtın Planlaşdırılması üzrə Milli Komissiyanın layihəni 8 lehinə, 4 əleyhinə səslə təsdiqləməsindən qısa müddət sonra qəbul edilib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hündürlüyü təxminən 76 metr olan abidənin Arlinqton Milli Qəbiristanlığı yaxınlığında, Linkoln Memorialı ilə üzbəüz ərazidə inşası nəzərdə tutulur. Layihə Fransanın paytaxtı Parisdəki məşhur Zəfər tağından daha hündür olacaq.
Məhkəmə iddiasında bildirilir ki, layihənin həyata keçirilməsi üçün ABŞ Konqresinin müvafiq icazəsi alınmayıb. Bundan əlavə, abidənin Arlinqton qəbiristanlığının mənzərəsinə mənfi təsir göstərəcəyi, nəqliyyatın hərəkətini çətinləşdirəcəyi və ətraf ərazilərdə təhlükəsizlik problemləri yaradacağı iddia olunur.
“Bloomberg Law” nəşrinin məlumatına görə, hakim tikintiyə başlanmasının Vaşinqton və Virciniya ştatı üçün ciddi problemlər yaradacağını əsas gətirərək qazıntı, yol bağlanması və digər tikinti işlərini iki həftəlik qadağan edib.
Tramp administrasiyası isə layihənin hüquqi əsasının olduğunu müdafiə edir. Ağ Ev abidəni ABŞ-nin hərbi tarixinə və veteranlara həsr olunmuş Hərbi Zəfər Tağı kimi təqdim edir.
“Associated Press” agentliyinin məlumatına görə, məhkəmə qadağasına baxmayaraq, Ağ Ev layihənin təqdimatını davam etdirir. Abidənin tikintisinin iki-üç il davam edə biləcəyi bildirilir.
Məhkəmənin qərarı layihənin birdəfəlik ləğvi demək deyil. Tikintinin gələcək taleyi hüquqi mübahisələrin nəticəsindən asılı olacaq.