Çinin vitse-prezidenti Gürcüstana səfər etdi

Çinin vitse-prezidenti Han Çjen Gürcüstana rəsmi səfərə gəlib. Tbilisidə yüksək səviyyəli görüşlərdə strateji tərəfdaşlıq, Çin investisiyaları, ticarət və nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunub.

49

Çin Xalq Respublikasının vitse-prezidenti Han Çjen noyabrın 6-da Gürcüstana rəsmi səfərə gəlib. Səfər Pekin və Tbilisi arasında siyasi-iqtisadi əlaqələrin genişləndiyi, iki ölkənin hərtərəfli strateji tərəfdaşlığa keçdiyi dövrə təsadüf edir.

MSNews.az xəbər verir ki, Çin nümayəndə heyətini Tbilisinin Şota Rustaveli adına beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Bu barədə Gürcüstanın “Birinci Kanal” televiziyası məlumat yayıb.

Səfər çərçivəsində Han Çjen Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

Prezidentlə danışıqlarda ticarət, Çin investisiyalarının artırılması, nəqliyyat infrastrukturu və Orta Dəhlizin inkişafı əsas mövzular sırasında olub. Tərəflər turizm, təhsil, elm və süni intellekt sahələrində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Baş nazir İrakli Kobaxidze isə Çinlə strateji münasibətlərin əhəmiyyətini vurğulayaraq 2026-cı ildə Çinin Gürcüstanın ən böyük investoruna çevrildiyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin iyulunda Gürcüstan və Çin strateji tərəfdaşlıq münasibətləri qurublar. 2026-cı il iyunun 9-da isə Si Cinpin və Mixeil Kavelaşvili münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini elan ediblər.

Gürcüstan XİN-in rəhbəri Maka Boçorişvili bildirib ki, Han Çjen Gürcüstana səfər edən bu səviyyədə ilk Çin rəsmisidir. Onun sözlərinə görə, səfər iki ölkənin iqtisadi əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.