“Collins” 2026-cı ilin sözünü seçdi: “Mogging” nə deməkdir?

Britaniyanın “Collins” ingilis dili lüğəti “mogging” ifadəsini 2026-cı ilin sözü elan edib. Sosial şəbəkələrdə populyarlaşan ifadənin istifadəsi il ərzində 210 faiz artıb. Qısa siyahıya süni intellekt, iqlim və əmək bazarı ilə bağlı yeni anlayışlar da daxil edilib.

63

Britaniyanın “Collins” ingilis dili lüğəti “mogging” ifadəsini 2026-cı ilin sözü seçib. Sosial şəbəkələrdə geniş yayılan bu ifadə bir şəxsin və ya əşyanın görünüşü, bacarığı, gücü və ya digər xüsusiyyətləri ilə başqalarını kölgədə qoymasını bildirir.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 3-də “Collins Dictionary”in rəsmi saytında məlumat yayımlanıb. Lüğətin mütəxəssislərinin hesablamalarına görə, “mogging” sözünün istifadəsi 2026-cı ildə 210 faiz artıb.

İfadənin “alpha male of the group” – “qrupun dominant kişisi” mənasını verən AMOG ixtisarından yarandığı ehtimal edilir.

Təxminən 2016-cı ildə bodibildinq və kişi internet icmalarında istifadə olunmağa başlayan söz əvvəlcə fiziki görünüş və üstünlüklə əlaqələndirilirdi. Sonradan mənası genişlənərək gündəlik danışıq dilinə keçib.

Hazırda “mogging” xüsusilə “Z” və “Alfa” nəsilləri arasında zarafat və ironiya məqsədilə işlədilir. Məsələn, bir idmançı digərini möhtəşəm çıxışı ilə, yeni videooyun əvvəlki versiyasını keyfiyyəti ilə, yaxud birinin hazırladığı yemək başqasının yeməyini görünüşü ilə kölgədə qoya bilər.

“Collins”in icraçı direktoru Aleks Bikroft bildirib ki, bu seçimin arxasında gənc nəsillərin dilə təsiri dayanır. Onun sözlərinə görə, hər yeni nəsil mövcud ifadələrə fərqli məna qazandıraraq dilin inkişafında iz qoyur.

Lüğətin 2026-cı il üçün hazırladığı qısa siyahıya müasir dünyanın sosial, texnoloji və ekoloji problemlərini əks etdirən digər ifadələr də daxil edilib.

Onlardan bəziləri bunlardır:

  • Carspreading – avtomobil istehsalçılarının getdikcə daha uzun, enli və ağır maşınlar hazırlaması tendensiyası.
  • Firewave – qısa müddət ərzində bir-birinin ardınca baş verən meşə və ya şəhər yanğınları.
  • Ghost job – işəgötürənin həqiqətən işçi qəbul etmək niyyəti olmadan yerləşdirdiyi vakansiya elanı.
  • P(doom) – süni intellektin bəşər sivilizasiyasının məhvinə səbəb olması ehtimalının qiymətləndirilməsi.
  • Friendslop – əsasən dostlarla birlikdə oynamaq üçün hazırlanmış aşağıbüdcəli videooyunlar.
  • Fricy – meyvəli və acılı dadların birləşdirildiyi qida və içkilər.

Siyahıda həmçinin “bixie”, “hydration break” və “Manchesterism” kimi ifadələr yer alıb.

“Collins” mütəxəssisləri sosial şəbəkələr də daxil olmaqla 27 milyard sözdən ibarət məlumat bazasını təhlil edərək hər il dilin inkişafını və cəmiyyətdəki əsas tendensiyaları əks etdirən ifadələri müəyyənləşdirirlər.

Qeyd edək ki, “Collins” 2025-ci ilin sözü olaraq “vibe coding” ifadəsini seçmişdi. Bu anlayış süni intellekt vasitəsilə təbii dildə verilən göstərişlər əsasında proqram kodunun yaradılmasını ifadə edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.