Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu həftə keçiriləcək bütün avrokubok qarşılaşmalarından əvvəl bir dəqiqəlik sükut elan edib. Qərar “Tenerife” klubunun 30 yaşında vəfat edən hücumçusu Xesus de Migelin xatirəsini yad etmək məqsədilə qəbul olunub.
MSNews.az xəbər verir ki, UEFA noyabrın 3-də bununla bağlı rəsmi açıqlama yayıb. Qərara əsasən, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Gənclər Liqası da daxil olmaqla, təşkilatın bu həftə keçirəcəyi bütün qarşılaşmalardan əvvəl bir dəqiqəlik sükut olacaq.
Bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Xatırladaq ki, Xesus de Migel noyabrın 2-də İspaniyanın ikinci liqasında “Andorra” ilə qarşılaşma zamanı rəqib qapıçı Xesus Ovono ilə ağır toqquşub. Sinəsindən zərbə alan futbolçunun ürək və tənəffüs fəaliyyəti dayanıb.
Həkimlər ilkin tibbi müdaxilə nəticəsində futbolçunun ürək fəaliyyətini bərpa etsələr də, Xesus de Migel noyabrın 3-də xəstəxanada vəfat edib.
UEFA prezidenti Aleksander Çeferin futbolçunun ölümü ilə bağlı başsağlığı verib:
“Xesus de Migelin vəfatından sarsılmışıq. Söz tapmağa çalışdıq, amma yalnız sükut tapa bildik. Düşüncələrimiz onun ailəsi, komanda yoldaşları və bu ağır itkini yaşayan hər kəslədir”.
İspaniya Kral Futbol Federasiyası da hadisə ilə əlaqədar noyabrın 3-nə nəzərdə tutulan İspaniya Kuboku və Qadınlar Kuboku qarşılaşmalarını təxirə salıb.
Bundan başqa, “Real Madrid” futbolçuları məşqdən əvvəl bir dəqiqəlik sükutla Xesus de Migelin xatirəsini yad ediblər.