Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfəri zamanı Azərbaycan hava məkanından keçərkən Prezident İlham Əliyevi və Azərbaycan xalqını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
MSNews.az xəbər verir ki, bu barədə “APA” agentliyi məlumat yayıb. Türkiyə Prezidentini daşıyan təyyarə Azərbaycanın hava məkanına daxil olduqdan sonra pilot dispetçerlə əlaqə saxlayaraq Ərdoğanın təbrik mesajını çatdırıb.
Türkiyə lideri mesajında Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi salamlarını və xoş arzularını ünvanlayıb.
“Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm”, – deyə Ərdoğan bildirib.
Prezident qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıb.