Avropa Komissiyası Ukraynaya 2027-ci ilin sonunadək daha 45 milyard avro kredit ayrılması üçün yeni təklif hazırlayıb. Vəsaitin böyük hissəsinin ölkənin müdafiə sənayesinin gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Oktyabrın 30-da təqdim olunan təklif Avropa İttifaqının Ukrayna üçün təsdiqlədiyi 90 milyard avroluq kredit proqramının ikinci hissəsini əhatə edir.
Plana əsasən, 2027-ci ildə ayrılması nəzərdə tutulan 45 milyard avronun 13,3 milyardı Ukraynanın dövlət büdcəsinin dəstəklənməsinə, 31,7 milyardı isə müdafiə sənayesi potensialının artırılmasına sərf olunacaq.
Büdcə dəstəyi dövlət xidmətlərinin fəaliyyətinin davam etdirilməsinə və iqtisadi dayanıqlığın qorunmasına kömək edəcək. Bu maliyyələşmə hüququn aliliyi, korrupsiya ilə mübarizə və iqtisadi islahatlarla bağlı şərtlər əsasında həyata keçiriləcək.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, yeni təşəbbüs Ukraynanı daha sabit və əvvəlcədən planlaşdırıla bilən maliyyələşdirmə ilə təmin edəcək.
“Bu təkliflə Ukraynaya çox ehtiyac duyduğu maliyyə sabitliyini təmin edir və əsas dövlət xidmətlərinin fəaliyyətini davam etdirməsinə kömək göstəririk”, – deyə o vurğulayıb.
“Euronews” nəşrinin məlumatına görə, müdafiəyə ayrılan vəsait Ukraynanın silah tədarükü müqavilələrinə uyğun olaraq mərhələli şəkildə təqdim ediləcək.
Qeyd edək ki, 90 milyard avroluq proqramın ilk 45 milyard avroluq hissəsi 2026-cı il üçün nəzərdə tutulub. İkinci hissənin ayrılması isə Avropa İttifaqı Şurasının təsdiqindən sonra mümkün olacaq.
Təklif qəbul edilərsə, 2027-ci il üzrə ilk ödənişlərin ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır.