Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində keçirilən U-23 Avropa çempionatında daha iki qızıl medal qazanıblar. Əjdər Bağırov və Kənan Nəsibovun qələbələri sayəsində milli komandamız fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi medal sıralamasında birinci yeri tutub.
MSNews.az xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub. O, həlledici görüşə qədər Ukrayna, Xorvatiya və Avstriyadan olan rəqiblərini üstələyib.
+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov isə finalda serbiyalı Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub. Bununla da Nəsibov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.
Daha əvvəl millimizin üzvü İslam Rəhimov da -66 kq çəki dərəcəsində Niderland təmsilçisi Yoxem van Harteni məğlub edərək qızıl medal qazanmışdı. O da ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, Neapolda keçirilən çempionatın fərdi yarışlarında 36 ölkədən 275 cüdoçu iştirak edib. Azərbaycanı yarışda 9 kişi idmançı təmsil edib.