Fransada internetə yeni vergi: Hər GB üçün 0,055 avro

Fransa Milli Assambleyası internet üzərindən ötürülən hər giqabayt məlumat üçün 0,055 avro vergi nəzərdə tutan düzəlişi qəbul edib. Yeni qayda oyun və rəqəmsal xidmətlərin qiymətini artıra bilər.

67

Fransa Milli Assambleyası internet istifadəçilərinə ötürülən hər giqabayt məlumat üçün 0,055 avro (5,5 sent) vergi tətbiqini nəzərdə tutan düzəlişi qəbul edib. Yeni təşəbbüs rəqəmsal platformaların xərclərini artırmaqla yanaşı, internet xidmətlərinin bahalaşması ilə bağlı narahatlıq yaradıb.

MSNews.az xəbər verir ki, oktyabrın 30-da keçirilən səsvermədə 2027-ci ilin büdcə layihəsinə təqdim olunan düzəliş 11 lehinə, 10 əleyhinə səslə qəbul edilib. Daha 14 deputat bitərəf qalıb.

Fransanın “Le Parisien” nəşrinin məlumatına görə, sosialist deputat Loran Lardinin irəli sürdüyü təşəbbüs dövlət büdcəsinə ildə təxminən 10 milyard avro əlavə gəlir gətirməyi hədəfləyir.

Yeni mexanizmə əsasən, vergi birbaşa internet istifadəçilərindən deyil, məlumatları ötürən şirkətlərdən tutulacaq. “Netflix”, “Google” və digər rəqəmsal platformalar Fransadakı istifadəçilərə göndərdikləri məlumatların həcminə uyğun ödəniş etməli olacaqlar.

“Les Numériques” yazır ki, təşəbbüs video yayımı, onlayn oyunlar və bulud xidmətləri üçün əlavə maliyyə yükü yarada bilər. Şirkətlərin bu xərcləri sonradan abunə və xidmət qiymətlərinə əlavə etməsi ehtimalı da müzakirə olunur.

Məsələn, 210 GB həcmində oyunun yüklənməsi 11,55 avro vergi öhdəliyi yarada bilər. Bu hesablamaya GTA 6 oyunu nümunə göstərilir. Lakin həmin məbləğin birbaşa oyunçudan tutulacağı təsdiqlənməyib.

Fransa hökuməti isə düzəlişin əleyhinə çıxıb. Təklif əvvəlcə parlamentin maliyyə komissiyasında rədd edilsə də, sonradan Milli Assambleyada qəbul olunub.

Yeni vergi hələ qüvvəyə minməyib. Bunun üçün büdcə layihəsi parlamentdə sonrakı mərhələlərdən, o cümlədən Senatın baxışından keçməlidir. Müzakirələr zamanı düzəlişin dəyişdirilməsi və ya tamamilə ləğv olunması mümkündür.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.