ABŞ-nin Nyu-Cersi ştatının qubernatoru Miki Şerrill Rusiya dizeli daşıyan tankerlərin yerli limanlarda yanacaq boşaltmasının qarşısını almaq üçün mümkün tədbirləri nəzərdən keçirdiyini açıqlayıb. O, Prezident Donald Trampın Rusiya ilə yanacaq razılaşmasını sərt tənqid edib.
MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, təxminən 140 min ton Rusiya dizeli daşıyan üç tanker ABŞ-nin Atlantik okeanı sahillərinə istiqamət alıb. Lakin yükləri hansı şirkətlərin qəbul edəcəyi hələlik məlum deyil.
Şerrill Tramp administrasiyasını yanacaq qiymətlərinin aşağı salınması üçün kifayət qədər tədbir görməməkdə ittiham edib.
“Trampın Putinlə dizel razılaşması amerikalı istehlakçıların və demokratik müttəfiqimiz Ukraynanın hesabına Vladimir Putinin ciblərini dolduracaq”, – qubernator bildirib.
O, razılaşmanı “korrupsiyalaşmış və qanunsuz” adlandıraraq Rusiya yanacağının Nyu-Cersi limanlarına daxil olmasını əngəlləmək imkanlarını araşdırdığını vurğulayıb.
Bu barədə “The Maritime Executive” də məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına görə, tankerlərdən birinin təyinatı sonradan dəyişdirilib və onun ABŞ limanına daxil olub-olmayacağı qeyri-müəyyən olaraq qalır. Daşımaların mümkün hüquqi nəticələri və sanksiya riskləri alıcı şirkətlərin qərarlarına təsir göstərir.
Xatırladaq ki, Tramp administrasiyası yanacaq qiymətlərini azaltmaq məqsədilə oktyabrda Rusiya dizelinin idxalına dair bəzi sanksiya məhdudiyyətlərini müvəqqəti yumşaldıb. Lakin bu qərar ABŞ daxilində siyasi mübahisələrə səbəb olub.
Hazırda Nyu-Cersi limanlarında Rusiya tankerlərinə rəsmi qadağa tətbiq edilməyib. Qubernatorun belə bir məhdudiyyəti hansı hüquqi mexanizmlə həyata keçirə biləcəyi də qeyri-müəyyəndir.