ABŞ administrasiyasının noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi zərbələr endirmək imkanını nəzərdən keçirdiyi bildirilir. Vaşinqtonun Yaxın Şərqdə hərbi qüvvələrini gücləndirməsi mümkün əməliyyatla bağlı diqqəti artırıb.
MSNews.az xəbər verir ki, ABŞ-nin “Newsmax” telekanalı da Vaşinqton və Təl-Əvivin seçkilərdən sonrakı dövr üçün hərbi planlar hazırladığını gündəmə gətirib. “Associated Press” isə ABŞ rəsmilərinin regiondakı müttəfiqlərini mümkün hücumlara və İranın cavab tədbirlərinə hazır olmağa çağırdığını bildirib.
Bununla yanaşı, ABŞ regionda genişmiqyaslı hərbi yükdaşıma fəaliyyəti həyata keçirir. “Anadolu Agentliyi” İsrailin KAN telekanalına istinadən azı 10 Amerika hərbi-nəqliyyat təyyarəsinin İsrailin cənubundakı Ovda və Nevatim aviabazalarına göndərildiyini yazıb. İordaniya, Səudiyyə Ərəbistanı və Qətərdəki hərbi bazalara da əlavə uçuşlar həyata keçirildiyi bildirilir.
“The Times of Israel” nəşrinin məlumatına görə, təyyarələrin daşınması son bir həftə ərzində qeydə alınıb. Hərbi yüklərin dəqiq tərkibi açıqlanmasa da, bu fəaliyyətin regiondakı hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə əlaqəli ola biləcəyi qeyd edilir.
Mənbələrin bildirdiyinə görə, mümkün əməliyyat İranın nüvə obyektlərini, enerji infrastrukturunu, raket və pilotsuz uçuş aparatı arsenalını hədəf ala bilər. Bununla belə, Donald Trampın yeni hücumlara dair yekun qərar verdiyi təsdiqlənməyib.