Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında keçirilən “FIFA U-15 World Cup and Festival” turnirinin final matçını izləyib. Həlledici qarşılaşmada İspaniya millisi Çexiya yığmasını 3:0 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi olub.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimində də iştirak edib.
Bakı Kristal Zalında keçirilən final matçında İspaniya və Çexiyanın 15 yaşadək futbolçulardan ibarət yığmaları üz-üzə gəliblər. Qarşılaşma İspaniya millisinin üstünlüyü ilə yekunlaşıb. Rəqib qapısından üç cavabsız top keçirən ispan futbolçular turnirin ilk çempionu adını qazanıblar. İspaniya yığmasına David Qordo rəhbərlik edib. Çempionatda üçüncü yeri Yunanıstan, dördüncü yeri isə Paraqvay millisi tutub.
Final matçını Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, FIFA prezidenti Canni İnfantino da izləyib. Oyundan sonra çempion olan İspaniya millisinin mükafatlandırılması mərasimi keçirilib. Prezident İlham Əliyev qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.
Oktyabrın 24–30-da Bakıda təşkil olunan “FIFA U-15 World Cup and Festival” FIFA tərəfindən ilk dəfə keçirilən beynəlxalq gənclər futbol turniridir. Yarışda FIFA-ya üzv 189 milli futbol assosiasiyası təmsil olunub. Turnir çərçivəsində 3500-dən çox futbolçu, hakim və rəsmi şəxs iştirak edib.
FIFA prezidenti Canni İnfantino yarışın gənc istedadların inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, turnirin futbolun gələcəyinə yeni imkanlar açdığını bildirib.












