Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Mədəniyyət Parkının təntənəli açılışı olub. Mərasim türk dövlətlərinin liderlərini bir araya gətirib. Açılış zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin məşhur “Türk Ulduzları” akrobatika qrupu Ankara səmasında nümayiş uçuşu həyata keçirib.
MSNews.az xəbər verir ki, açılış mərasimi oktyabrın 29-da Türkiyə Prezident Kompleksinin yerləşdiyi Beştəpə ərazisində təşkil olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi mərasimdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər.
Tədbirə Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev də qatılıblar.
Azərbaycanı mərasimdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.
Liderlər parkın ərazisində şam ağacı tingləri əkərək türk dövlətləri arasındakı dostluq və əməkdaşlığın rəmzi olaraq birgə tədbirdə iştirak ediblər.
Hərbi təyyarələr mərasim ərazisinin üzərindən keçərək xüsusi aviasiya proqramı təqdim ediblər.
Nümayiş Türkiyə Respublikasının elan edilməsinin 103-cü ildönümünə təsadüf edib.
Parkda türk xalqlarının ortaq tarixini və mədəniyyətini əks etdirən müxtəlif nümunələr yerləşdirilib.
Ərazidə Orxon abidələrinin surətləri, həmçinin Ayasofya, Anıtqəbir, Göbəklitəpə, Səlimiyyə məscidi və digər tarixi tikililərin miniatürləri nümayiş olunur.
Mərasimdə Mehter hərbi musiqi ansamblı və fəxri qarovul orkestri çıxış edib, ənənəvi rəqs nümunələri təqdim olunub.
Daha sonra liderlər Malazgirt Nümayiş Mərkəzində türk xalqlarının Orta Asiyadan Anadoluya uzanan tarixi yolunu canlandıran “Atların rəqsi: Diriliş alovu” adlı səhnə proqramını izləyiblər.
Türk Dövlətləri Mədəniyyət Parkı ortaq tarixi irsin tanıdılması və türk dövlətləri arasında mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır.





