Yeddi qitəni əhatə edən uzunmüddətli dünya səyahətinə çıxmış “Villa Vie Odyssey” kruiz layneri yanacaq xərclərinin kəskin artması səbəbindən fəaliyyətini dayandırıb. İki ildən artıq müddətdə dünya okeanlarında səyahət edən gəminin sərnişinləri Kambocada sahilə çıxmaq məcburiyyətində qalıblar.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi və “Sky News” telekanalı məlumat yayıb. Kruiz gəmisinin operatoru “Villa Vie Residences” oktyabrın 27-də Kambocada fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb.
Şirkətin məlumatına görə, İran ətrafında davam edən müharibə fonunda yanacağın bahalaşması gəminin istismar xərclərini ciddi şəkildə artırıb.
Əvvəllər bir kayutaya düşən aylıq yanacaq xərci orta hesabla 1800 dollar təşkil edirdisə, Asiyanın bəzi bölgələrində bu məbləğ 6000–8000 dollara yüksəlib.
Bir kayutaya düşən aylıq yanacaq xərci
“Villa Vie Residences” əlavə maliyyə yükünü tam şəkildə sərnişinlərə ötürməyin real olmadığını bildirib.
“Odyssey” oktyabrın 23-də Kambocanın Sihanukvil limanına çatıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı gəmidə 203 sərnişin və 156 ekipaj üzvü olub.
Oktyabrın 27-də sərnişinlərə səyahətin dayandırıldığı bildirilib. Onlara şəxsi əşyalarını toplamaq və gəmini tərk etmək üçün təxminən yeddi saat vaxt verilib.
Bəzi sərnişinlər artıq Kambocadan ayrılıb, digərləri isə müvəqqəti yaşayış yeri və alternativ səyahət imkanları axtarıblar.
“Villa Vie Odyssey” 2024-cü il sentyabrın 30-da Şimali İrlandiyanın Belfast şəhərindən dünya səyahətinə yola düşüb.
Layihə ənənəvi kruizlərdən fərqli olaraq sərnişinlərə gəmidə uzunmüddətli, hətta daimi yaşamaq imkanı vəd edirdi.
Sərnişinlər kayutaları satın ala və ya müəyyən müddətə icarəyə götürə bilirdilər. Bəziləri bu həyat tərzinə keçmək üçün evlərini və digər əmlaklarını satmışdı.
Laynerin yeddi qitəni əhatə edən marşrutunda 400-dən çox dayanacaq nəzərdə tutulurdu.
Lakin 755 gün davam edən səyahətdən sonra layihənin gələcəyi qeyri-müəyyən vəziyyətə düşüb.
“Villa Vie Residences” rəhbərliyi qarşıdakı 60 gün ərzində şirkətin yenidən maliyyələşdirilməsi və strukturunun dəyişdirilməsi imkanlarını araşdıracağını açıqlayıb.
Şirkətin baş direktoru Mikael Petterson “CBS News” telekanalına bildirib ki, maliyyə çətinlikləri səbəbindən ABŞ-da iflasdan müdafiə proseduruna müraciət edilməsi planlaşdırılır.
Hələlik kruiz səfərlərinin nə vaxt bərpa olunacağı məlum deyil. Şirkət yeni maliyyələşmə razılaşmasının əldə olunacağına zəmanət vermir.