Azərbaycan Ədliyyə Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi ilə bağlı məlumat yayılıb. Mirsaleh Seyidovun ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildiyi, onun yerinə isə Sahib Rzayevin təyin olunduğu bildirilir.
MSNews.az xəbər verir ki, yayılan məlumata əsasən, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məlumata görə, dövlət başçısının bir sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov vəzifəsindən azad edilib.
Digər sərəncamla isə Sahib Rzayevin ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunduğu bildirilir.
Mirsaleh Seyidov 10 iyul 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin vəzifəyə təyin edilmişdi.
Sahib Cəlil oğlu Rzayev daha əvvəl Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifəyə 23 iyul 2025-ci ildə təyin olunub.
1977-ci il təvəllüdlü Sahib Rzayev Bakı Dövlət Universitetində hüquq təhsili alıb. O, müxtəlif illərdə daxili işlər orqanlarında, Fövqəladə Hallar Nazirliyində və Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə fəaliyyət göstərib.