İordaniyada pravoslav kilsəsinə silahlı hücum edərək 9 nəfərin ölümünə səbəb olmaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Şübhəlilər Əl-Kərək vilayətində keçirilən xüsusi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açıblar. Qarşıdurma nəticəsində hər üçü yaralanaraq ələ keçirilib.
MSNews.az xəbər verir ki, bu barədə İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi oktyabrın 26-da məlumat yayıb. Açıqlamanı “Reuters” və “Associated Press” agentlikləri də yayıb.
Məlumata əsasən, təhlükəsizlik qüvvələri davamlı əməliyyat-axtarış tədbirlərindən sonra şübhəlilərin Əl-Kərək vilayətindəki tərk edilmiş evdə gizləndiklərini müəyyən ediblər.
Təslim olmaq tələbini rədd edən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Cavab atəşi nəticəsində hər üç şübhəli yaralanıb və saxlanılıb. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.
Hadisə yerindən odlu silahlar və döyüş sursatları götürülüb. Bu barədə İordaniyanın rəsmi “Petra” xəbər agentliyi məlumat yayıb.
Silahlı şəxslər dəfn mərasiminə toplaşan insanlara atəş açıblar. Nəticədə 9 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Yaralıların sayı ilə bağlı mənbələrdə fərqli rəqəmlər göstərilir. “Anadolu Agentliyi” 25, “Petra” agentliyi 34, “Reuters” isə 40 nəfərin yaralandığını bildirib.
İordaniyanın daxili işlər naziri Mazen əl-Fərayə saxlanılan şəxslərin hücumda iştirak etdiklərini bildirib. Nazir hadisə ilə əlaqəsi müəyyənləşdirilən bütün şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.
İordaniya Kralı II Abdullah isə terror aktına görə məsuliyyət daşıyanlara qarşı sərt tədbirlər görülməsi barədə göstəriş verib.
Hələlik hücumun məsuliyyətini heç bir silahlı təşkilat üzərinə götürməyib. Saxlanılanların konkret terror təşkilatı ilə əlaqəsinin olub-olmadığı da açıqlanmayıb.