Netanyahunun Folklend adaları ilə bağlı qərarı Britaniya ilə gərginlik yaratdı

Netanyahunun Folklend adaları mübahisəsində Argentiniyaya dəstək göstərişi verdiyi iddia olunur. İsrailin Londondakı səfirliyi məlumatı təkzib edib.

15
İsrailin Baş naziri Benyamin Netanyahunun Folklend adaları ilə bağlı Böyük Britaniya və Argentina arasındakı ərazi mübahisəsində Buenos-Ayresin mövqeyinə dəstək verilməsi barədə göstəriş verdiyi iddia olunur. Lakin İsrailin Londondakı səfirliyi belə bir göstərişin mövcudluğunu təkzib edib.

MSNews.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb. Nəşrin mənbələrinə görə, Netanyahu israilli diplomatlara Folklend adalarının gələcəyi ilə bağlı London və Buenos-Ayres arasında birbaşa danışıqların dəstəklənməsi, həmçinin Argentinanın bu ərazilərlə tarixi əlaqələrinin tanınması barədə tapşırıq verib.

Məlumatı “The Jerusalem Post” və “Ynet” də yayıb. İddia olunan mövqe dəyişikliyi İsrailin Argentinanın adalar üzərində suverenliyini rəsmən tanıması demək deyil.

Bildirilib ki, bu addım Böyük Britaniyanın İordan çayının işğal altındakı qərb sahilində yerləşən İsrail məskunlaşmalarına qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra gündəmə gəlib.

Londonun qərarı İsrail hökumətinin narazılığına səbəb olub. Tərəflər arasında münasibətlər Böyük Britaniyanın Fələstin dövlətini tanımasından sonra da gərginləşmişdi.

Bununla yanaşı, İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon Folklend adaları məsələsinin Argentina xalqı üçün əhəmiyyətini qəbul etdiklərini bildirib və mübahisənin tarixi, hüquqi və humanitar amillər nəzərə alınmaqla həll edilməsinin vacibliyini vurğulayıb.

İsrail səfirliyi isə yayılan məlumatı qəti şəkildə rədd edib.

“The Times of Israel” nəşrinin məlumatına görə, İsrailin Böyük Britaniyadakı səfirliyinin sözçüsü Aleks Qandler Netanyahunun belə bir göstəriş verdiyi barədə iddialara münasibət bildirib.

“Bu iddianı qəti şəkildə təkzib edirəm. Belə bir göstəriş mövcud deyil”.

Beləliklə, İsrailin Folklend adaları ilə bağlı rəsmi siyasətini dəyişdirdiyi təsdiqlənmir.

Folklend adaları uzun illərdir Böyük Britaniya ilə Argentina arasında ərazi mübahisəsinin predmetidir. Cənubi Atlantik okeanında yerləşən və Argentinada Malvin adaları adlandırılan arxipelaq Britaniyanın nəzarətindədir.

1982-ci ildə tərəflər arasında adalar uğrunda müharibə baş verib. Argentina ərazi iddialarını davam etdirsə də, Böyük Britaniya adaların gələcək statusunun sakinlərin iradəsi əsasında müəyyənləşdirilməli olduğunu bildirir.

2013-cü ildə keçirilmiş referendumda adaların sakinləri böyük səs çoxluğu ilə Britaniya dənizaşırı ərazisi statusunun saxlanılmasını dəstəkləyiblər.

Müşahidəçilərin diqqət çəkdiyi digər məqam isə İsrailin Argentina Prezidenti Xavyer Miley administrasiyası ilə yaxın münasibətləridir. Buenos-Ayres son illərdə İsrailin beynəlxalq arenadakı əsas siyasi tərəfdaşlarından birinə çevrilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031