Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti tarixi uğura imza atıb. Təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanaraq karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
MSNews.az xəbər verir ki, oktyabrın 25-də 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzizli final görüşündə İran təmsilçisi Payam Əhmədi Balutaki ilə qarşılaşıb.
Gərgin keçən həlledici görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalına sahib çıxıb.
Əzizli finala gedən yolda da inamlı çıxışı ilə yadda qalıb. O, monqolustanlı Davaabandi Munx Erdeneni 9:0, belaruslu Aleksandr Qurevi isə 8:0 hesabı ilə məğlub edib.
Yarımfinalda ötən ilin dünya çempionu, Gürcüstan təmsilçisi Vaxtanq Lolua ilə üz-üzə gələn idmançımız 5:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
Astanada keçirilən dünya çempionatı noyabrın 1-dək davam edəcək.