Polşalı uzun məsafə üzgüçüsü Bartlomey Kubkovski Baltik dənizini İsveçdən Polşaya üzərək keçən ilk şəxs kimi tarixə düşüb.
MSNews.az xəbər verir ki, Kubkovski İsveçin Koseberqa limanından yola çıxaraq 2 avqustda Polşanın Dzivnuv sahilinə çatıb. “RMF24” onun 160 kilometrdən artıq məsafəni təxminən 55 saat fasiləsiz üzərək qət etdiyini bildirir. Digər mənbələr yekun vaxtı təxminən 55 saat 10 dəqiqə göstərir.
İdmançı bütün marşrut boyunca yatmayıb, istirahət üçün qayığa çıxmayıb və onu müşayiət edən qayığa toxunmayıb. Qida və içkilər xüsusi qurğu vasitəsilə sudakı Kubkovskiyə ötürülüb. “TVN” yazır ki, ikinci yuxusuz gecədən sonra idmançıda güclü yorğunluq və hallüsinasiyalar da müşahidə olunub. Buna baxmayaraq, o, finişdə sudan öz gücü ilə çıxaraq cəhdi tamamlayıb.
Bu, Kubkovskinin Baltik dənizini üzərək keçmək üçün beşinci cəhdi olub. “Ultra Baltic Swim” layihəsinin rəsmi məlumatına əsasən, o, 2022-ci ildə 115, 2023-cü ildə 116,8, 2024-cü ildə 71,6 kilometr üzmüşdü. 2025-ci ildə isə 159 kilometr qət etdikdən sonra Polşa sahilinə cəmi 11 kilometr qalmış səhhətində yaranan problemlər səbəbindən cəhdi dayandırılmışdı.
Üzgüçülük marafonu eyni zamanda xeyriyyə məqsədi daşıyıb. Kubkovski aksiyanı onkoloji xəstəliklərlə mübarizə aparan şəxslərə dəstək verən “Cancer Fighters” fonduna həsr edib. “RMF24” finiş zamanı ianələrin 600 min zlotıya yaxınlaşdığını bildirib. Fond isə Kubkovskinin uğurundan sonra kampaniyanı avqustun 14-dək uzadıb, buna görə yekun məbləğ artmaqda davam edir.