ABŞ daxili təhlükəsizlik naziri Markveyn Mallin İran millisinin 2026-cı il dünya çempionatından kənar qalmasına sevindiyini gizlətməyib.
MSNews.az xəbər verir ki, Mallin bu barədə dünya çempionatı ilə bağlı təhlükəsizlik brifinqində danışıb.
“Sports Business Journal” yazır ki, nazir İranın turnirdən kənar qalmasından sonra “onların işi bitdiyinə və geri qayıtmayacaqlarına şadam” deyib.
Mallin həmçinin İran nümayəndə heyəti ilə bağlı viza məsələsinə də toxunub. O, ABŞ tərəfinin vizaları geri çəkməsindən sonra çox sevindiyini və bu səbəbdən “bir-iki mahnı oxumuş, hətta sevinc rəqsi etmiş ola biləcəyini” bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, turnir ərzində Amerika təhlükəsizlik qurumlarının ən çox məşğul olduğu komanda İran olub. O, İran nümayəndə heyəti ilə bağlı əlavə təhlükəsizlik narahatlıqlarının olduğunu iddia edib.
Mallin daha əvvəl İranın mundial nümayəndə heyətinə daxil edilmək istənilən bəzi şəxslərin SEPAH-la əlaqəli olduğunu iddia etmişdi. İran Futbol Federasiyası isə bu iddiaları sübutsuz və əsassız adlandırıb.
“The Guardian”ın məlumatına görə, İran Futbol Federasiyası Mallinin açıqlamalarına sərt reaksiya verib. Federasiya ABŞ rəsmilərini “yalanlar yaymaqda” və İran komandasına qarşı pis rəftar göstərməkdə ittiham edib.
Federasiyanın açıqlamasında qeyd olunub ki, ABŞ rəsmisinin İran millisinin mübarizəni dayandırmasına açıq şəkildə sevinməsi ev sahibi ölkədən gözlənilən beynəlxalq idman prinsiplərinə uyğun deyil.
İran yığması turnir boyunca siyasi və logistika xarakterli məhdudiyyətlərdən şikayətlənirdi. Komandanın baş məşqçisi Əmir Qalenoyi daha əvvəl İranın mundialda “ən çox sıxışdırılan komanda” olduğunu bildirmişdi.
“Reuters”in məlumatına görə, ABŞ rəsmiləri əvvəlcə İran millisinin ABŞ ərazisinə yalnız oyunlardan qısa müddət əvvəl daxil olmasına və matçdan sonra yenidən Meksikanın Tixuana şəhərinə qayıtmasına icazə verirdi. İran tərəfi bunun hazırlıq prosesinə mənfi təsir etdiyini bildirirdi.
İran Futbol Federasiyası həmçinin hücumçu Mehdi Taremi və məşqçi köməkçisi Səid Əlhoeyinin Sietl səfəri zamanı gecikdirildiyini açıqlamışdı. Bu insident də komandanın turnir ərzində ABŞ tərəfinin davranışından narazılığını artırmışdı.
İran millisi DÇ-2026-da “G” qrupunda üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksələ bilməyib. Komandanın mübarizəni dayandırması ABŞ-İran münasibətlərindəki gərgin siyasi fon səbəbindən sırf idman hadisəsindən daha geniş rezonans doğurub.
ABŞ tərəfi İran nümayəndə heyətinə tətbiq edilən məhdudiyyətləri təhlükəsizlik mülahizələri ilə izah edir. İran tərəfi isə bunu siyasi ayrı-seçkilik və ev sahibi ölkə statusundan sui-istifadə kimi qiymətləndirir.
Mallinin açıqlaması bu mübahisəni daha da dərinləşdirib. İran Futbol Federasiyası hesab edir ki, ABŞ rəsmisinin belə tonu dünya çempionatının bərabər rəqabət və hörmət prinsiplərinə ziddir.