Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin fəaliyyətinin tam bərpa olunduğunu açıqlayıb. Onun sözlərinə görə, rabitə sistemləri tətbiq edilmiş məhdudiyyətlərdən əvvəlki sürətlə işləməyə başlayıb.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə oktyabrın 24-də yayımladığı videomüraciətdə bildirib.
“Bu gün ən vacib məsələ ‘Starlink’ və ‘Starshield’-in fəaliyyətini bütün məhdudiyyətlərdən əvvəlki sürətlə bərpa etməyimizdir. Hazırda sürət ehtiyaclarımıza cavab verir. Bərpa prosesi gecə başlayıb və səhər saatlarında rabitədən istifadə üçün kifayət qədər sürət təmin olunub”, – deyə Zelenski bildirib.
Ukrayna lideri sistemlərin fəaliyyətinin bərpasının cəbhədəki hərbi logistika və Rusiyanın reaktiv mühərrikli “Şahid” pilotsuz uçuş aparatlarına qarşı müdafiə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Reuters” agentliyinin məlumatına görə, Ukraynanın müdafiə naziri Yevgeni Xmara rabitə sistemlərinin saatda 400 kilometrdən yüksək sürətlə hərəkət edən avadanlıqlarda da sabit işlədiyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın ortalarında “Starlink” və “Starshield” sistemlərinə tətbiq edilən məhdudiyyətlər Ukrayna ordusunun bəzi hərbi əməliyyatlarına mənfi təsir göstərmişdi. Xüsusilə pilotsuz uçuş aparatlarının idarə olunmasında və cəbhəboyu rabitədə çətinliklər yaranmışdı.
Məlumatlara əsasən, məhdudiyyətlər zamanı bəzi avadanlıqlarda bağlantı saatda təxminən 160 kilometr hərəkət sürəti ilə məhdudlaşdırılmışdı. Bu isə Ukraynanın Rusiya dronlarına qarşı müdafiə imkanlarını zəiflətmişdi.
“’Starlink’ və ‘Starshield’ sistemlərinin fəaliyyətini bərpa etməyə kömək edən hər kəsə təşəkkür edirəm. Bu, bizim üçün həqiqətən çox vacibdir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
O, ABŞ Konqresinin üzvlərinə, senatorlara, mediaya, Dövlət Departamentinə və ABŞ Prezidentinə də minnətdarlığını bildirib.
Bununla belə, peyk rabitəsinə məhdudiyyətlərin tətbiqi ilə bağlı mübahisələr davam edir. “SpaceX” rəhbəri İlon Mask Ukrayna hərbçilərini “Starlink”-dən hücum məqsədilə istifadə etməkdə ittiham etsə də, Ukrayna tərəfi bu iddialarla razılaşmayıb.