Fransada 2027-ci il prezident seçkilərinə namizədliyini elan edən solçu siyasətçi, “La France Insoumise” hərəkatının lideri Jan-Lük Melanşon ABŞ-ın qlobal mövqeyinin zəiflədiyini bəyan edib. Melanşon bu fikirləri mayın 8-də “LCI” telekanalına beynəlxalq məsələlərlə bağlı verdiyi müsahibədə səsləndirib.
Melanşon mövcud qlobal vəziyyəti ABŞ və Çin arasında güc balansının dəyişməsi fonunda qiymətləndirib. O bildirib ki, dünyada “qüdrətli, lakin tənəzzülə uğrayan” Amerika və ABŞ-ın səhv addım atmasını gözləyən Çin var. Siyasətçinin fikrincə, Vaşinqton artıq Pekinlə klassik bazar rəqabəti yolu ilə mübarizədə üstünlük qazana bilməyəcəyini anlayır.
Fransalı siyasətçi daha sonra şəxsi bloqunda da oxşar mövqeyi davam etdirib. O yazıb ki, Donald Trampın Çinə səfəri “uzun bir dövrün başa çatdığını” göstərir və ABŞ-ın əvvəlki qlobal üstünlüyünün zəiflədiyini iddia edib. Melanşona görə, ABŞ son onilliklərdə Çinin xeyrinə sənayesizləşib, Cənubi Amerika və Cənub-Şərqi Asiyadakı təsirini itirib, həmçinin Vyetnam, İraq və Əfqanıstanda apardığı əsas müharibələrdə qalib gələ bilməyib.
Melanşon ABŞ-ın geriləməsinin təkcə Vaşinqtonun problemi olmadığını, Avropaya və xüsusilə Fransaya da birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, Amerika ilə Çin arasındakı rəqabət artıq yalnız iqtisadi məsələ deyil, qlobal təhlükəsizlik və beynəlxalq nizam üçün də risk yaradan prosesə çevrilib.
Siyasətçi Çinin hazırda dünyanın əsas istehsal güclərindən birinə çevrildiyini vurğulayaraq, ABŞ-ın bu vəziyyətdən çıxmaq üçün daha aqressiv və riskli addımlara meyil göstərə biləcəyini iddia edib. Melanşonun fikrincə, Tayvan məsələsi böyük dövlətlər arasında mümkün qarşıdurmanın əsas bəhanələrindən birinə çevrilə bilər. O, Fransanın belə bir ssenaridə ehtiyatlı davranmalı və fəlakətdən yayınmaq üçün müstəqil xətt yürütməli olduğunu bildirib.
Qeyd edək ki, Melanşon 2027-ci il prezident seçkilərində namizəd olacağını rəsmən açıqlayıb. “The Guardian” yazır ki, bu, onun Fransa prezidentliyi uğrunda dördüncü cəhdi olacaq. O, daha əvvəl 2012, 2017 və 2022-ci illərdə də prezident seçkilərində iştirak edib.