ABŞ-da federal hakim Prezident Donald Tramp administrasiyasının təxminən 350 min haitilinin ölkədə qanuni şəkildə qalmasına imkan verən “müvəqqəti qoruma statusu”nun (TPS) ləğvi ilə bağlı qərarını dayandırıb.
ABŞ-ın Kolumbiya Dairə Məhkəməsinin hakimi Ana Reyes haitililərə verilən müvəqqəti qoruma statusunun ləğvinə qarşı açılmış məhkəmə işi yekunlaşana qədər qərarın icrasının dayandırılmasına hökm verdiyini açıqlayıb. Hakim Reyes bu gün qüvvəyə minməsi nəzərdə tutulan qərarın “hökmsüz və heç bir hüquqi qüvvəsinin olmadığını” bildirib.
Reyes, ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noemin müvəqqəti qoruma statusunun ləğvi ilə bağlı qərarının əvvəlcədən formalaşdığını və bunun “ağdərili olmayan miqrantlara qarşı düşmən münasibət”dən qaynaqlanmasının “yüksək ehtimallı” olduğunu vurğulayıb.
Bununla yanaşı, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Trisia MakLauflin məhkəmənin qərarını “qanunsuz məhkəmə aktivizmi” kimi qiymətləndirib.
Qeyd edək ki, Haitiyə münasibətdə müvəqqəti qoruma statusu ilk dəfə 2010-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra tətbiq olunmuş və dəfələrlə uzadılmışdı. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2025-ci ilin dekabrında təxminən 350 min haitilinin bu statusunun 3 fevral 2026-cı ildə başa çatacağını açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra Haiti, Venesuela və Əfqanıstan kimi ölkələrə tətbiq edilən müvəqqəti qoruma statuslarının ləğvi istiqamətində addımlar atmış, bu təşəbbüslərin bir qismi məhkəmə maneələri ilə üzləşmişdi. Müvəqqəti qoruma statusu miqrantlara ABŞ-da qanuni şəkildə işləmək imkanı yaradır və onların deportasiya edilməsinin qarşısını alır.