Bakıda tikintisi aparılan “20 Sentyabr” metro stansiyasının 2027-ci ilin birinci yarısında, ilin ortalarınadək tam istifadəyə verilməsi planlaşdırılır. Stansiyada əsas tikinti işləri artıq başa çatdırılıb, hazırda daxili tamamlama və memarlıq tərtibatı işləri davam etdirilir.
MSNews.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Tikinti Layihələrinin İdarə Edilməsi Departamentinin rəhbəri Məmməd Rzayevin məlumatına istinad olunub.
Onun sözlərinə görə, yeni stansiyada xüsusi memarlıq həlləri tətbiq olunduğundan tikinti prosesində əlavə texniki və təşkilati məsələlərin həllinə ehtiyac yaranıb.
“20 Sentyabr” stansiyasında tikinti işləri başa çatıb, hazırda tamamlama işləri aparılır. Burada xüsusi memarlıq həlli tətbiq olunur. Bununla əlaqədar xaricdən materialların gətirilməsi, logistika və digər məsələlərlə bağlı müəyyən çətinliklər yaranmışdı. Bütün bu məsələlər artıq həllini tapıb”, – deyə Məmməd Rzayev bildirib.
O vurğulayıb ki, işlər təsdiqlənmiş qrafikə uyğun davam etdirilir və əsas diqqət stansiyanın daxili tamamlama işlərinin yekunlaşdırılmasına yönəldilib.
“Məqsədimiz stansiyanı gələn ilin ortalarınadək tam istifadəyə verməkdir”, – deyə qurum rəsmisi əlavə edib.
Yeni stansiya harada yerləşir?
“20 Sentyabr” stansiyası Bakının Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında inşa edilir. Stansiya metropolitenin Bənövşəyi xəttinə daxildir və “8 Noyabr” stansiyasından sonrakı dayanacaq olacaq. Yeni stansiyanın istifadəyə verilməsi ətraf yaşayış məntəqələrinin, tibb və təhsil müəssisələrinin metro şəbəkəsinə çıxışını asanlaşdıracaq.
Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli qərarı ilə stansiyaya “20 Sentyabr” adı verilib. Ad Azərbaycanın 2023-cü il sentyabrın 20-də bütün ərazisində dövlət suverenliyini bərpa etməsi ilə əlaqədardır.
“28 May” və “Nizami” arasında tunel tikintisi də davam edir
Məmməd Rzayev Bakı metrosunda həyata keçirilən digər infrastruktur layihəsi barədə də məlumat verib.
Onun sözlərinə görə, “28 May” və “Nizami” stansiyaları arasında uzunluğu 211 metr olan tunelin qazıntısına başlanılıb. Hazırda həmin tunelin 63 metrlik hissəsi qazılıb.
Gələcəkdə bu tunelin “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlaqənin təmin olunması üçün istifadə edilməsi nəzərdə tutulur.