Fransa Prezidenti Emmanuel Makron ölkədə son günlər baş verən kütləvi iğtişaşlardan sonra ictimai asayişə təhlükə yaradan etiraz aksiyalarının qadağan ediləcəyini açıqlayıb. Dövlət başçısı xüsusilə oktyabrın 24-nə planlaşdırılan nümayişlər zamanı şəhər mərkəzlərinin, ticarət obyektlərinin və dövlət binalarının qorunması üçün sərt təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.
MSNews.az xəbər verir ki, Makronun açıqlaması oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilən etirazların zorakılıq, talan və dağıntılarla müşayiət olunmasından sonra səsləndirilib.
Bu barədə “Reuters” və “Euronews” məlumat yayıb.
“Şənbə günü şəhər mərkəzlərində iğtişaş törətmək istəyən şəxslərin qarşısı alınacaq”, – deyə Fransa lideri vurğulayıb.
Prezidentin sözlərinə görə, oktyabrın 17-də baş verən hadisələrin araşdırılması üçün hökumət, hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin iştirakı ilə xüsusi iclas keçiriləcək.
Etiraz aksiyalarına qoyulan məhdudiyyətlər
Fransa hökuməti ictimai asayiş üçün təhlükə yaradan, əvvəlcədən bildirilməmiş və təhlükəsizliyi təmin olunmayan nümayişlərin qadağan edilməsi imkanını nəzərdən keçirir. Daxili işlər naziri Loran Nünyes prefektlərə ictimai təhlükəsizliyi poza biləcək aksiyalarla bağlı məhdudlaşdırıcı qərarlar qəbul etmək göstərişi verib.
Bununla belə, Fransada bütün etiraz aksiyalarına ümumi qadağa tətbiq olunmayıb. Həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlər də daxil olmaqla, toplantılar barədə qərarlar təhlükəsizlik vəziyyəti və qanuni tələblər əsasında veriləcək.
“Le Parisien” yazır ki, hökumət hətta əvvəlcədən bildirilmiş bəzi aksiyaların da ciddi təhlükəsizlik riski yaratdığı halda qadağan edilməsini mümkün sayır.
Fransa hakimiyyəti oktyabrın 24-də keçirilməsi gözlənilən növbəti kütləvi etirazlar ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirir. Paytaxt Parisdə və bir sıra digər şəhərlərdə müəyyən ərazilərdə toplantı qadağaları və gecə komendant saatı tətbiq edilib. “Le Monde” nəşrinin məlumatına görə, təhlükəsizlik tədbirləri çərçivəsində polis və jandarm qüvvələri ilə yanaşı, zirehli texnikadan istifadənin də nəzərdə tutulduğu bildirilir.
Hökumət dinc nümayiş keçirmək hüququnun qorunduğunu bildirsə də, zorakılıq və dağıntılara yol verilməyəcəyini vurğulayır.