Paşinyan: “Azərbaycanla sülh sazişi 2027–2028-ci illərdə imzalanmalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalanmasını istədiyini bildirib. O, yeni Konstitusiyanın qəbulu üçün növbədənkənar seçkiləri də istisna etməyib.

26

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalanmasını məqsədəuyğun hesab etdiyini bildirib. O, eyni zamanda, yeni Konstitusiyanın qəbulu prosesində siyasi maneələr yaranarsa, növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını da istisna etməyib.

MSNews.az xəbər verir ki, Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasını hökumətinin əsas prioritetlərindən biri adlandırıb.

“Biz Azərbaycanla işləməliyik”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.

Paşinyan daha əvvəl sülh müqaviləsinin imzalanması və ratifikasiyası məsələsinin 2031-ci ilə qədər həllini qarşısına məqsəd qoyduğunu bildirmişdi. Onun oktyabrın 15-də səsləndirdiyi bu açıqlama “Armenpress” və “İnterfaks” tərəfindən də yayımlanıb.

Baş nazir sonradan 2031-ci ilin qeyd olunmasına aydınlıq gətirərək bunun sülh sazişinin məhz həmin ildə imzalanacağı anlamına gəlmədiyini bildirib.

“Guya sülh müqaviləsinin 2031-ci ildə imzalanacağını dediyim barədə başlıqları görəndə təəccübləndim. 2031-ci ili qeyd etməyim 2026-cı ildə seçkilərin keçirilməsi və hökumətin mandatının həmin ilə qədər davam etməsi ilə bağlı idi”, – deyə Paşinyanın açıqlamasında bildirilir.

Yeni Konstitusiya üçün növbədənkənar seçkilər keçirilə bilər

Ermənistan hökumətinin başçısı yeni Konstitusiya layihəsinin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağını və geniş müzakirələrin başlanacağını açıqlayıb.

Onun sözlərinə görə, layihə ictimai müzakirələrdən sonra parlamentə təqdim ediləcək. Hakimiyyət konstitusiya islahatlarının əhəmiyyətini müxalifət nümayəndələrinə izah etməyə çalışacaq.

“Biz müxalifətdəki həmkarlarımızı bunun Ermənistan dövlətinin gələcəyi üçün prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu nəticə verməsə, növbədənkənar seçkilər də daxil olmaqla, başqa ssenariləri nəzərdən keçirəcəyik”, – deyə Paşinyan bildirib.

Baş nazir Konstitusiya dəyişikliklərini Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası məsələsi ilə əlaqələndirib.

O, Ermənistan vətəndaşlarına yeni Konstitusiyanın qəbul ediləcəyi və Azərbaycanla sülh prosesinin tamamlanacağı barədə öhdəlik götürdüyünü xatırladıb.

“Əgər Ermənistan xalqı bu vədin yerinə yetirildiyini görməsə, müəyyən məqamda mənim siyasi missiyamın başa çatdığı ortaya çıxa bilər. Buna görə də bu məsələ mənim üçün prinsipial əhəmiyyət daşıyır”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Azərbaycan sülh sazişinin yekun imzalanması üçün Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yarada biləcək müddəaların çıxarılmasını tələb edir. Ermənistan tərəfi isə mövcud Konstitusiyanın Azərbaycana qarşı ərazi iddiası yaratmadığını bildirir.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflansa da, sənəd hələlik yekun şəkildə imzalanmayıb.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.