Almaniyanın Vilzek şəhəri ABŞ hərbçilərinin mümkün gedişindən narahatdır

ABŞ-ın Almaniyadan 5 min hərbçi çıxarmaq planı Bavariyadakı Vilzek şəhərində iqtisadi və sosial narahatlıq yaradıb. Şəhər onilliklərdir ABŞ hərbi bazasından asılı yaşayır.

Almaniyanın Bavariya bölgəsində yerləşən kiçik Vilzek şəhəri onilliklərdir davam edən ABŞ hərbi mövcudluğunun mümkün azalması ilə üz-üzə qalıb.

“Reuters”-in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Almaniyadan azı 5 min hərbçini çıxarmaq qərarı ən çox məhz Vilzekə təsir edə bilər. Şəhərdə yerləşən “Rose Barracks” bazasında Almaniyadakı yeganə daimi ABŞ briqada döyüş birliyi sayılan 2-ci “Strayker” Süvari Alayının çıxarılacağı gözlənilir, lakin bununla bağlı yekun rəsmi təsdiq hələ verilməyib.

Vilzekin yeni meri Torsten Qredler mümkün qərarın nəticələrini “dramatik” adlandırıb. Onun sözlərinə görə, şəhərdə restoranlar, pablar, qarajlar, supermarketlər və digər xidmət sahələri böyük ölçüdə ABŞ hərbi bazası ilə bağlı iqtisadi dövriyyədən asılıdır. Təxminən 6500 sakini olan şəhərdə ABŞ hərbçiləri və onların ailə üzvlərinin sayı yerli əhalidən çoxdur. Bu isə mümkün azalmaya təkcə iqtisadi deyil, həm də sosial-mədəni zərbə kimi baxılmasına səbəb olur.

Yerli sahibkarlar da narahatdır. Vilzek yaxınlığında “Casa do Brasil” steykhausunun sahibi Şoahan Hanan bildirib ki, 5 min hərbçinin çıxarılması şəhərdə ABŞ kontingentinin təxminən yarıya azalması deməkdir və bunun təsiri hiss olunacaq. Avtomobil satışı, mənzil kirayəsi, restoran və gündəlik xidmət sektorunda çalışan bizneslər illərlə əsasən amerikalı müştərilər üzərində qurulub.

ABŞ hərbçilərinin Vilzekdəki mövcudluğu İkinci Dünya müharibəsindən sonrakı dövrdən başlayır. Soyuq müharibə illərində Almaniya ABŞ-ın xaricdəki ən böyük hərbi dayaqlarından biri idi və 1989-cu ildə Berlin divarı dağılanda ABŞ-ın xarici bazalarının böyük hissəsi məhz, Almaniyada yerləşirdi. Nəşr yazır ki, hazırda Almaniyada təxminən 35 min ABŞ hərbçisi qalır və bu, Vaşinqtonun Avropadakı ən böyük kontingentidir.

Qoşunların çıxarılması qərarı Vaşinqtonun Avropadan müdafiə xərclərini artırmaq tələbləri fonunda gündəmə gəlib. “Reuters”-in əvvəlki məlumatına görə, Pentaqon 5 min hərbçinin Almaniyadan çıxarılacağını açıqlayıb, Almaniyanın müdafiə naziri Boris Pistorius isə bu addımın Avropanın öz müdafiəsinə daha çox məsuliyyət götürməli olduğunu göstərdiyini bildirib. Bununla belə, ABŞ daxilində bəzi respublikaçı qanunvericilər bu qərardan narahatlıq ifadə ediblər.

Vilzek sakinləri üçün məsələ yalnız iş yerləri və gəlirlərdən ibarət deyil. Şəhərdə bir çox ailə amerikalılarla onilliklər boyu yan-yana yaşayıb, yerli idman klubları, restoranlar və ictimai həyat ABŞ hərbçilərinin iştirakı ilə formalaşıb. Buna görə də mümkün çıxarılma Vilzek üçün təkcə hərbi qərar deyil, şəhərin gündəlik həyatını dəyişdirə biləcək tarixi dönüş kimi qiymətləndirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.