Slovakiya Rusiya ilə danışıqları bərpa edir

Slovakiya 2022-ci ildən bəri dayandırılmış Rusiya ilə hökumətlərarası məsləhətləşmələri bərpa edir. Oktyabrın 26-da Moskvada keçiriləcək görüşdə qaz, neft və nüvə energetikası əsas müzakirə mövzuları olacaq.

23

Slovakiya Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarının Rusiya ilə münasibətlərə dair ümumi siyasətindən fərqli addım ataraq Moskva ilə hökumətlərarası məsləhətləşmələri bərpa etməyə hazırlaşır. 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra dayandırılan əməkdaşlıq çərçivəsində ilk rəsmi toplantı oktyabrın 26-da Rusiyanın paytaxtında keçiriləcək.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Slovakiya Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Oktyabrın 26-da Moskvada Slovakiya-Rusiya iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 22-ci iclası keçiriləcək. Slovakiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Yuray Blanar rəhbərlik edəcək. Bu, tərəflər arasında 2022-ci ildən bəri komissiya səviyyəsində keçiriləcək ilk görüş olacaq.

Danışıqların əsas mövzusunu Rusiya qazı və neftinin tədarükü, həmçinin nüvə energetikası sahəsində əməkdaşlıq təşkil edəcək. Tərəflərin kənd təsərrüfatı, ekologiya, turizm, idman və mədəniyyət sahələrində münasibətləri də müzakirə etməsi planlaşdırılır.

Bu təşəbbüs Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiya qazından imtina etmək siyasəti fonunda diqqət çəkir. Slovakiya isə Rusiya enerji resurslarından asılılığını əsas gətirərək Moskva ilə iqtisadi əlaqələrin qorunmasının tərəfdarıdır.

Slovakiyanın Baş naziri Robert Fitso daha əvvəl bir neçə dəfə Moskvaya səfər edib, Rusiyaya qarşı sanksiyaları tənqid edib və Ukraynaya dövlətin hərbi yardımını dayandırıb. Bununla belə, Slovakiya şirkətlərinin Ukraynaya kommersiya əsasında silah və sursat tədarükü davam edir.

Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Marek Eştok bildirib ki, Bratislava Rusiya ilə konstruktiv və praqmatik münasibətlərdə maraqlıdır.

Onun sözlərinə görə, Slovakiya yalnız mövcud sanksiyalara zidd olmayan və Avropa İttifaqı qarşısındakı öhdəliklərinə uyğun sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Rəsmi Bratislava Aİ və NATO üzvlüyündən irəli gələn öhdəliklərinə sadiq qaldığını, eyni zamanda Moskva ilə diplomatik dialoqu davam etdirmək istədiyini vurğulayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.