Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsində ilk qələbəsini qazanıb. İstanbul təmsilçisi III tur çərçivəsində Fransanın “Lill” komandasını səfərdə 4:2 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, oktyabrın 21-də Fransanın Vilnöv-d’Ask şəhərindəki Pyer Morua stadionunda keçirilən qarşılaşma bol qollu və gərgin mübarizə şəraitində baş tutub.
Qonaqlar oyuna sürətli başlayıblar. Artıq 2-ci dəqiqədə Yunus Akgün hesabı açıb. Lakin meydan sahibləri cəmi beş dəqiqə sonra Soriba Diaunenin qolu ilə tarazlığı bərpa ediblər.
39-cu dəqiqədə Diaune ikinci qolunu vuraraq “Lill”i hesabda önə çıxarıb. Bununla belə, “Qalatasaray” fasiləyə qədər bərabərliyi təmin edib. 44-cü dəqiqədə Aleksey Batrakov fərqlənib və ilk hissə 2:2 hesabı ilə yekunlaşıb.
İkinci hissədə Türkiyə təmsilçisi üstünlüyü ələ alıb. 52-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Berke Özerin avtoqolu “Qalatasaray”ı yenidən önə keçirib.
61-ci dəqiqədə Viktor Osimhen hesab arasındakı fərqi iki topa çatdırıb. Bununla da İstanbul klubu səfərdə 4:2 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “Qalatasaray” Çempionlar Liqasının cari mövsümündə ilk üç xalını əldə edib. İstanbul təmsilçisi əvvəlki iki görüşdə Portuqaliyanın “Sportinq” və İspaniyanın “Barselona” klublarına məğlub olmuşdu.