Sevgilisi üçün 2 min kilometr yol qət etdi, qarşısına süni intellekt çıxdı

Braziliyada 49 yaşlı kişi internetdə tanış olduğunu düşündüyü qadınla görüşmək üçün bütün əmlakını sataraq 2100 kilometr yol qət edib. Lakin qadının süni intellektlə yaradılmış virtual obraz olduğu üzə çıxıb.

96

Braziliyada 49 yaşlı kişi internetdə aşiq olduğu qadınla görüşmək üçün bütün əmlakını sataraq 2100 kilometr yol qət edib. Lakin uzun səfərin sonunda onu gözlənilməz həqiqət qarşılayıb: sevdiyi qadın gerçək insan deyil, süni intellekt vasitəsilə yaradılmış virtual obraz imiş.

MSNews.az xəbər verir ki, hadisə Braziliyanın Maranyan ştatında yaşayan, tikinti ustası kimi çalışan Edimar Roşa Martinsin başına gəlib.

Braziliyanın “CNN Brasil” telekanalının məlumatına görə, 49 yaşlı kişi sosial şəbəkələrdə Cessika Oliveyra adlı sarışın qadının videolarını izləyərək ona bağlanıb.

Sosial şəbəkələrdə “Jéssica Fazendeira” adı ilə tanınan virtual obraz özünü böyük fermer təsərrüfatının sahibi kimi təqdim edirdi. Videolarda Cessika həyatını bölüşmək üçün kişi axtardığını, onunla birlikdə fermada yaşayacağını və bütün maddi ehtiyaclarını qarşılayacağını bildirirdi.

Edimar bu vədlərə inanaraq qadınla birlikdə yeni həyata başlamağa qərar verib.

Onun sözlərinə görə, Cessika ilə sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlayıb və zaman keçdikcə aralarında romantik münasibət yarandığını düşünüb. Kişi oktyabrın 9-da Maranyan ştatının İmperatris şəhərindən Minas-Jerays ştatının paytaxtı Belu-Orizontiyə yola düşüb.

Təxminən 36 saat davam edən avtobus səfərindən sonra oktyabrın 11-də şəhərə çatan Edimar sevgilisini axtarmağa başlayıb. Lakin o, Cessikanı tapa bilməyib.

Araşdırdıqda məlum olub ki, həmin qadın ümumiyyətlə mövcud deyil və onun sosial şəbəkələrdəki görüntüləri süni intellekt vasitəsilə hazırlanıb.

Cessikanın xarici görünüşü, səsi və videoları süni intellekt texnologiyasının köməyi ilə yaradılıb. Profil üzərindən göndərilən bəzi cavabların isə avtomatlaşdırılmış olduğu bildirilir.

Braziliyanın “Folha de S.Paulo” qəzetinin məlumatına görə, Edimar səfər xərclərini qarşılamaq üçün bütün əşyalarını satdığını bildirib. Kişi anasının ölümündən sonra özünü tənha hiss etdiyini və yeni münasibətin həyatında dönüş nöqtəsi olacağına ümid bəslədiyini də açıqlayıb.

Belu-Orizontiyə çatdıqdan sonra maddi imkansızlıqla üzləşən Edimar yerli sosial yardım xidmətlərinə müraciət etmək məcburiyyətində qalıb. Şəhərin miqrantlara yardım xidməti ona müvəqqəti sığınacaq, qida və avtobus bileti ilə kömək edib.

Bu arada, virtual obrazın arxasında dayanan şəxsin açıqlaması da diqqət çəkib.

“UOL” portalının məlumatına görə, profilin yaradıcısı Cessikanın yalnız izləyici toplamaq və məhsulların reklamını aparmaq üçün hazırlandığını bildirib. O, Edimarla şəxsi yazışmalar aparıldığını və ona fərdi dəvət göndərildiyini inkar edib. Beləliklə, kişinin məqsədli şəkildə aldadılması ilə bağlı bütün hallar hələ aydınlaşdırılmayıb.

Edimar isə məyusluğuna baxmayaraq, gələcəkdə gerçək sevgi tapmaq ümidini itirmədiyini bildirib.

Hadisə süni intellektlə yaradılmış realistik obrazların sosial şəbəkə istifadəçilərini necə çaşdıra biləcəyini və virtual münasibətlər zamanı qarşı tərəfin kimliyinin yoxlanılmasının əhəmiyyətini yenidən gündəmə gətirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.