“OpenAI”da casusluq qalmaqalı: Sabiq mühəndisin Səudiyyə kral ailəsi ilə əlaqələri üzə çıxdı

ABŞ prokurorluğu “OpenAI” şirkətinin keçmiş mühəndisi Əbdülrəhman Əlfozanın rəhbərliyin iclas otağına gizli dinləmə cihazı yerləşdirdiyini iddia edir. Məhkəmə sənədlərində onun Səudiyyə kral ailəsinin üzvü ilə əlaqələri və ailəsinin səfərinin hərbçi tərəfindən maliyyələşdirilməsi barədə məlumatlar yer alıb.

108

ABŞ-da “OpenAI” şirkətinin keçmiş mühəndisi Əbdülrəhman Əlfozanın rəhbərliyin məxfi görüşlərini gizli şəkildə qeydə almağa çalışması ilə bağlı cinayət işi yeni mərhələyə keçib. Məhkəmə sənədlərində mühəndisin Səudiyyə Ərəbistanının kral ailəsinin bir üzvü ilə mütəmadi əlaqə saxladığı və ailəsinin ölkəyə qayıdışının səudiyyəli hərbçi tərəfindən maliyyələşdirildiyi iddia olunur.

MSNews.az xəbər verir ki, bu barədə oktyabrın 19-da “Reuters” agentliyi ABŞ federal prokurorlarının məhkəməyə təqdim etdikləri sənədlərə istinadən məlumat yayıb.

İstintaq materiallarına əsasən, 35 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Əbdülrəhman Əlfozan San-Fransiskoda yerləşən “OpenAI” ofisinin rəhbər şəxslər üçün nəzərdə tutulmuş iclas otağına gizli səs yazma cihazı yerləşdirməkdə ittiham olunur.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, sentyabrın 30-da aşkarlanan cihaz televizorun arxasındakı USB girişinə qoşulub və gizlədilmək üçün tualet kağızına bükülüb.

Həmin otaqda şirkətin qabaqcıl süni intellekt texnologiyaları, kommersiya planları, strateji qərarları və dövlət qurumları ilə əməkdaşlığına dair məxfi görüşlər keçirilirdi.

Federal Təhqiqat Bürosunun (FBI) araşdırmasına əsasən, Əlfozanın əvvəllər otağın yerləşməsi, rəhbər şəxslərin görüş cədvəlləri və texniki infrastrukturu barədə məlumat topladığı iddia edilir.

ABŞ Ədliyyə Nazirliyinin 13 oktyabr tarixli rəsmi açıqlamasında bildirilir ki, Əlfozan oktyabrın 9-da həbs edilib. İstintaq zamanı onun istifadə etdiyi hesablarla əlaqəli süni intellekt sorğuları və təhlükəsizlik kameralarının görüntüləri də araşdırılıb.

İşin ən diqqətçəkən məqamlarından biri isə mühəndisin Səudiyyə Ərəbistanındakı əlaqələri ilə bağlı yeni məlumatlardır.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, prokurorluq Əlfozanın Səudiyyə kral ailəsinin bir üzvü ilə mütəmadi əlaqə saxladığını müəyyən edib.

Məhkəmə sənədlərində həmin şəxsin mühəndisi Səudiyyə Ərəbistanında süni intellekt sahəsində həyata keçirilən layihələrdən birinə cəlb etməyə çalışdığı bildirilir.İstintaqın versiyasına əsasən, Əlfozan həbsindən əvvəl ailəsi ilə birlikdə ABŞ- ni tərk edərək Səudiyyə Ərəbistanına getməyi planlaşdırıb.

Prokurorluğun təqdim etdiyi sənədlərə görə, mühəndisin həyat yoldaşı və azyaşlı övladının Səudiyyə Ərəbistanına uçuş biletləri ölkənin hərbi qulluqçularından biri tərəfindən alınıb.

Onların Əlfozanın həbsindən bir gün sonra ABŞ-ni tərk etdikləri bildirilir.

Federal prokurorlar bu halları mühəndisin xaricdən əhəmiyyətli dəstək ala biləcəyinə və məhkəmə prosesindən yayınmaq riskinin mövcudluğuna dəlil kimi təqdim ediblər.

Əlfozanın vəkili isə prokurorluğun bu qənaəti ilə razılaşmayıb. Müdafiə tərəfi mühəndisin təxminən 15 ildir ABŞ-da yaşadığını, daimi yaşayış hüququna malik olduğunu və Amerika vətəndaşlığı almaq üçün müraciət etdiyini bildirib.

Vəkilin sözlərinə görə, Səudiyyə Ərəbistanına nəzərdə tutulan səfər istintaqdan əvvəl planlaşdırılıb və ailəvi səbəblərlə bağlı olub. Məhkəmə buna baxmayaraq, Əlfozanın girov müqabilində azadlığa buraxılması tələbini təmin etməyib.

“OpenAI” isə məxfi süni intellekt modellərinin məlumatlarının oğurlandığını təsdiqləyən sübut aşkarlamadığını açıqlayıb.

Şirkətin məlumatına görə, indiyədək model çəkilərinə, proqram kodlarına və müştəri məlumatlarına icazəsiz çıxış və ya onların kənara ötürülməsi əlamətləri müəyyən edilməyib.

Əlfozanın təqsiri məhkəmədə sübuta yetirilərsə, onu beş ilədək həbs və 250 min dollaradək cərimə gözləyə bilər.

Qeyd edək ki, hazırkı ittiham gizli elektron vasitə ilə şifahi danışıqların qanunsuz dinlənilməsi və ya buna cəhdlə bağlıdır. Mühəndisə qarşı xarici dövlətin agenti kimi fəaliyyət göstərmək və ya kommersiya sirrini oğurlamaq ittihamı irəli sürülməyib.

Səudiyyə Ərəbistanı rəsmilərinin hadisəyə birbaşa göstəriş verdiyi və ya gizli dinləmə əməliyyatını təşkil etdiyi də məhkəmə tərəfindən təsdiqlənməyib.

İstintaq davam edir. ABŞ prokurorluğu əlavə ittihamların irəli sürülə biləcəyini istisna etmir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.