ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putini dekabrın 14–15-də Floridanın Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət edib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Putinin dəvəti qəbul edəcəyinə ümid edir.
MSNews.az xəbər verir ki, Rubio bunu sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra açıqlayıb.
“Biz prezident Putini G20-yə dəvət etmişik. Hesab edirik ki, bu, onun təkcə prezidentlə deyil, digər dünya liderləri ilə də ünsiyyət qurması üçün fürsətdir. Ümid edirik ki, o, dəvəti qəbul edəcək”, – Rubio bildirib.
Rubionun sözlərinə görə, sammit Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında növbəti birbaşa görüş üçün də imkan yarada bilər. Bununla belə, hazırda belə ikitərəfli görüşün keçirilməsi barədə rəsmi razılaşma açıqlanmayıb.
Kreml də ABŞ-dan gələn dəvəti təsdiqləyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Moskvanın dəvəti “yüksək qiymətləndirdiyini” bildirib:
“Biz bu dəvətə görə minnətdarıq və onu yüksək qiymətləndiririk. Qərar qəbul edəcəyik və məsələni diplomatik kanallar vasitəsilə işləyəcəyik”.
Beləliklə, Putinin Mayamiyə gedib-getməyəcəyi hələ müəyyənləşməyib. O, G20 sammitində sonuncu dəfə 2019-cu ildə Osakada şəxsən iştirak edib. Sonrakı illərdə əvvəlcə pandemiya, daha sonra isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra yaranan beynəlxalq gərginlik fonunda sammitlərə şəxsən qatılmayıb.
2026-cı il G20 Liderlər Sammiti 14–15 dekabrda “Trump National Doral Miami” kompleksində keçiriləcək. ABŞ bu il G20-yə sədrlik edir. Sammitin tarix və məkanını G20 Research Group və Doral şəhərinin rəsmi məlumatları da təsdiqləyir.
Putin və Tramp sonuncu dəfə 2025-ci ilin avqustunda Alyaskada üz-üzə görüşmüşdülər. Mayamidə mümkün yeni görüşün əsas mövzularından birinin Rusiya-Ukrayna müharibəsi və onun dayandırılması üzrə diplomatik səylər olacağı gözlənilir, lakin görüşün özü hələ razılaşdırılmayıb.