Hərbçilərin maaşı artırılacaq

Müdafiə Nazirliyinin hərbi qulluqçularının xalis əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması təklif olunur. Yeni sistem pensiya hesablanması və maaş strukturunda da mühüm dəyişiklikləri nəzərdə tutur.

16

Azərbaycanda Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması təklif olunur. Artımın maliyyələşdirilməsi üçün illik əlavə 550 milyon manatadək vəsaitin ayrılması nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, dəyişikliklər sentyabrın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Komitə sədri Arzu Nağıyev bildirib ki, nəzərdə tutulan islahat Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməyinin ödənişi və pensiya təminatı sisteminin yenilənməsini, həmçinin əməkhaqlarının artırılmasını hədəfləyir. Yeni mexanizmin tətbiqi nəticəsində xalis maaşlarda orta hesabla 22,8 faizlik artım gözlənilir.

Maaş strukturunun özü də dəyişdiriləcək. Hazırda baza göstəricilərindən biri olan vəzifə maaşının yerini rütbə maaşının tutması, rütbə maaşının ümumi əməkhaqqındakı xüsusi çəkisinin isə 70 faizə çatdırılması təklif edilir.

Layihədə hərbi qulluqçuların pensiya təminatı ilə bağlı da yeni yanaşma nəzərdə tutulur. Mövcud pensiya məbləği ilə təminat xərcliyi arasındakı birbaşa əlaqənin aradan qaldırılması, pensiyanın fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablanması təklif olunur. Bununla yanaşı, hərbi rütbəyə uyğun sabit məbləğdə aylıq pensiya əlavəsi müəyyənləşdiriləcək.

Digər mühüm yeniliyə əsasən, hər bir hərbi rütbə üzrə həqiqi hərbi xidmətdə olmanın qanunla müəyyən edilmiş son yaş həddinin həmin kateqoriya üçün pensiya yaşı kimi müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qüvvədə olan qanunvericilikdə hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ xidmət müddəti və digər müəyyən edilmiş meyarlarla tənzimlənir. Müzakirəyə çıxarılan layihə bu mexanizmin yenidən qurulmasını nəzərdə tutur.

Hazırda dəyişikliklər qanun layihəsi mərhələsindədir. Yeni qaydaların qüvvəyə minməsi üçün layihənin Milli Məclisdə nəzərdə tutulan qanunvericilik prosedurlarından keçməsi tələb olunur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti