İlham Əliyev “Brookfield” rəhbəri ilə yeni investisiya layihələrini müzakirə etdi

Prezident İlham Əliyev “Brookfield Asset Management”ın baş icraçı direktoru Konnor Teskini qəbul edib. Görüşdə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur üzrə investisiya imkanları müzakirə olunub.

14

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də “Brookfield Asset Management”ın baş icraçı direktoru Konnor Teskini qəbul edib. Görüşdə Azərbaycanla şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevlə Konnor Teskinin bu ilin yanvarında Davosda keçirdikləri görüş xatırlanıb. Həmin görüş çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanmışdı.

Razılaşmaya əsasən, tərəflər növbəti 3–4 il ərzində “Brookfield”ın idarə etdiyi fondlara və birgə investisiya layihələrinə ARDNF tərəfindən 1,4 milyard dollaradək potensial kapital qoyuluşunu qiymətləndirməyi nəzərdə tuturlar. Əməkdaşlıq enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər perspektivli istiqamətləri əhatə edir.

Sentyabrın 25-də keçirilən görüşdə Azərbaycanın enerji potensialının ölkənin regional enerji mərkəzi kimi mövqeyinin gücləndirilməsində rolu da qeyd olunub. Tərəflər mövcud əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar.

“Brookfield” hazırda 1 trilyon dollardan çox aktiv idarə edir və 50-dən artıq ölkədə fəaliyyət göstərir. Şirkətin infrastruktur portfelinə 308 mindən çox telekommunikasiya obyekti, 77 min kilometr fiber-optik şəbəkə, 150 data mərkəzi, 36,3 min kilometr dəmir yolu və 3,2 min kilometr ödənişli avtomobil yolu daxildir.

Şirkətin kommunal infrastruktur biznesləri isə dünya üzrə 10 milyondan çox istehlakçıya xidmət göstərir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti