Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – “AIIF 2026” işə başlayıb. Sentyabrın 25–26-da keçirilən tədbir dünyanın aparıcı investorlarını, dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının və biznes dairələrinin nümayəndələrini bir araya gətirir.
MSNews.az xəbər verir ki, forumun açılış mərasimində Prezident İlham Əliyevin iştirakçılara müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib. Tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.
Forum İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, “The European House – Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilir. İki gün ərzində qlobal iqtisadi və geosiyasi proseslərin investisiyalara təsiri, Azərbaycanın regional bağlantılardakı mövqeyi və müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanları müzakirə ediləcək.
“Report”un məlumatına görə, forum çərçivəsində Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, sənaye, azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı və insan kapitalı kimi istiqamətlər diqqət mərkəzində olacaq.
Tədbir zamanı Azərbaycan qurumları ilə müxtəlif xarici şirkət və tərəfdaşlar arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması və mübadiləsi də nəzərdə tutulur. Forumun əsas məqsədlərindən biri konkret investisiya layihələri üzrə yeni tərəfdaşlıqların formalaşdırılmasıdır.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ilk Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda mindən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard dollardan artıq olan investisiya sazişləri imzalanıb. Həmin məbləğin 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb.