2027-ci ilin dövlət büdcəsi açıqlandı

Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi layihəsi təsdiqlənib. Gəlirlər 39,2 milyard, xərclər 42,4 milyard manat proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat ayrılması nəzərdə tutulur.

14

Azərbaycan Respublikasının Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi layihəsi təsdiqlənib. Gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat ayrılması nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, sentyabrın 24-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Nazirlər Kabinetində 2027-ci ilin dövlət və icmal büdcə layihələrinə, həmçinin növbəti üç ilin sosial-iqtisadi inkişaf proqnozlarına həsr olunmuş geniş iclas keçirilib.

İclasda bildirilib ki, gələn il dövlət büdcəsinin kəsiri 3 milyard 166 milyon manat və ya ÜDM-in 2,2 faizi səviyyəsində proqnozlaşdırılır. Büdcə hesablamalarında neftin bir barelinin baza qiyməti 65 ABŞ dolları götürülüb.

Makroiqtisadi proqnozlara əsasən, 2027-ci ildə Azərbaycan iqtisadiyyatının 2,7 faiz böyüyərək 141 milyard manata çatacağı, qeyri-neft sektorunda isə 4,4 faizlik real artımın qeydə alınacağı gözlənilir.

Baş nazir bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 faiz təşkil edəcək. Müdafiə və milli təhlükəsizlik xərcləri üçün nəzərdə tutulan 8,8 milyard manat isə ümumi büdcə xərclərinin 21 faizinə bərabər olacaq.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası üçün 3,4 milyard manat ayrılması planlaşdırılır. “Trend ”in məlumatına görə, Əli Əsədov 2020–2026-cı illər ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrıldığını bildirib.

İclasda ölkənin mövcud iqtisadi göstəriciləri də açıqlanıb. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2 faiz, qeyri-neft-qaz ÜDM-i isə 2,1 faiz artıb.

Baş nazirin sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları hazırda təxminən 91 milyard dollar təşkil edir. Bu göstərici ölkənin xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir.

Nazirlər Kabinetində təsdiqlənən büdcə layihələri və sosial-iqtisadi inkişaf proqnozları qanunvericiliyə uyğun olaraq Prezident İlham Əliyevə təqdim ediləcək.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti