Əş-Şaraa: “Qolan təpələri Suriya torpağıdır!”

Suriya Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasında ölkəsinin bərpa mərhələsinə keçdiyini açıqlayıb. O, İsrailin Suriyaya yüzlərlə hücum həyata keçirdiyini bildirərək Qolan təpələrinin Suriya ərazisi olaraq qalacağını vurğulayıb.

14

Suriya Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyasında ölkəsinin müharibədən sonrakı bərpa mərhələsinə keçdiyini açıqlayıb. O, İsrailin Suriyaya hərbi müdaxilələrini tənqid edərək Qolan təpələrinin Suriya ərazisi olaraq qalacağını bəyan edib.

MSNews.az xəbər verir ki, Əş-Şaraa sentyabrın 23-də Nyu-Yorkda keçirilən iclasda Suriyanın beynəlxalq təcriddən çıxdığını və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

“Ötən il Suriyanın geri qayıtdığını demişdim. Bu gün isə deyirəm: Suriya ayağa qalxır”, – deyə Prezident vurğulayıb.

“Əl-Cəzirə”nin məlumatına görə, Əş-Şaraa ölkədə dövlət institutlarının yenidən qurulduğunu və 3,5 milyondan çox qaçqın və məcburi köçkünün öz yaşayış yerlərinə qayıtdığını bildirib.

Suriya liderinin sözlərinə görə, 100-dən çox ölkə Dəməşqlə əlaqələr qurmağa başlayıb, 4 minə yaxın diplomatik təmas həyata keçirilib və paytaxtda 60-dan çox diplomatik missiya fəaliyyət göstərir. O, beynəlxalq sanksiyaların aradan qaldırılmasını və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsini ölkənin bərpası baxımından mühüm addımlar kimi qiymətləndirib.

Əş-Şaraa çıxışında İsrailin hərbi əməliyyatlarına da toxunub. Onun iddiasına görə, 2024-cü ilin dekabrından bəri İsrail Suriyaya təxminən 500 hava və artilleriya zərbəsi endirib, 1200-dən çox hərbi müdaxilə həyata keçirib və 300-ə yaxın suriyalını saxlayıb.

“Dünya bizim geri qayıtmağımıza sevinir, İsrail isə Suriyaya zərbələr endirir. Bu, artıq keçmişdə qaldığını düşündüyümüz dövrü xatırladır”, – deyə o bildirib.

Suriya Prezidenti İsrail qoşunlarının 2024-cü il dekabrın 8-dən əvvəlki mövqelərinə geri çəkilməsini tələb edib və Dəməşqin 1974-cü ildə imzalanmış qüvvələrin ayrılması haqqında razılaşmaya sadiq qaldığını vurğulayıb.

“Qolan təpələri Suriya ərazisi olaraq qalacaq. İlhaqla bağlı bütün qərarlar BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə əsasən etibarsızdır”, – deyə Əş-Şaraa bildirib.

Qeyd edək ki, İsrail 1967-ci ildə Qolan təpələrinin böyük hissəsini ələ keçirib, 1981-ci ildə isə həmin əraziyə öz qanunvericiliyini tətbiq edib. BMT Təhlükəsizlik Şurası bu qərarı beynəlxalq hüquqi qüvvəsi olmayan addım kimi qiymətləndirib.

Əş-Şaraa çıxışının sonunda Suriyanın suverenliyinin qorunacağını vurğulayaraq regionda ədalətli sülhün əldə olunması üçün imkanların hələ də mövcud olduğunu bildirib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti