ABŞ istehsalı olan F-35 qırıcısının radarlar tərəfindən aşkarlanmasını çətinləşdirən texnologiya ilə təchiz edilmiş iki komponenti Avstraliyadan ABŞ-yə göndərilərkən naməlum səbəbdən Honq-Konqa çatdırılıb. Çin hakimiyyətinin əlinə keçdiyi bildirilən detallar hələ də geri qaytarılmayıb.
MSNews.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hadisə ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, mayın sonunda Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısının pilot kabinəsinin örtüyü və silah bölməsinin qapağı yoxlanılması, mümkün təmiri və ya utilizasiyası üçün ABŞ-yə göndərilib.
UPS logistika şirkətinin daşıdığı yük Cənubi Koreyada dayanacaq etdikdən sonra naməlum səbəbdən Honq-Konqa yönləndirilib. Yükün qəsdən, yoxsa səhvən başqa istiqamətə göndərildiyi hələ müəyyənləşdirilməyib.
Mənbələrin bildirdiyinə görə, Lockheed Martin şirkətinin istehsal etdiyi hər iki komponent qırıcının radarlardan yayınma imkanlarını artıran xüsusi materialla örtülüb. Çin hakimiyyətinin həmin detalları öz nəzarətinə götürdüyü və indiyədək geri qaytarmadığı iddia olunur.
Hadisə ABŞ-nin hərbi texnologiyalarının təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb. Bununla belə, Çin tərəfinin komponentlərdən hər hansı məxfi texniki məlumat əldə edib-etmədiyi təsdiqlənməyib.
Pentaqon hadisədən xəbərdar olduğunu və komponentlərin geri qaytarılması üçün müvafiq qurumlarla birlikdə çalışdığını açıqlayıb. ABŞ Müdafiə Nazirliyi yükün istiqamətinin dəyişdirilməsinin səbəblərinin araşdırıldığını və oxşar halların təkrarlanmaması üçün əlavə təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyini bildirib.
Avstraliyanın müdafiə naziri Riçard Marls isə hadisənin araşdırıldığını təsdiqləsə də, itirilmiş komponentlərin həssas hərbi avadanlıq hesab edilmədiyini bildirib. Lockheed Martin də detalların istismara yararsız olduğunu və onlardan texniki məlumat əldə edilməsi riskinin aşağı qiymətləndirildiyini açıqlayıb.
Hadisə ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 qırıcılarının mümkün satışı ilə bağlı müzakirələr fonunda diqqət çəkib. ABŞ Dövlət Departamenti sentyabrın 17-də Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının mümkün satışını təsdiqləyib. Razılaşmanın həyata keçirilməsi üçün Konqresin müvafiq prosedurları da tamamlanmalıdır.