“Le Monde”: Fransa Azərbaycanda məhkum olunmuş vətəndaşlarının azadlığı üçün Usmanova sanksiyaların ləğvini dəstəkləyib

Avropa İttifaqı milyarder Əlişir Usmanovu sanksiya siyahısından çıxarıb. “Le Monde”un məlumatına görə, Fransa bu qərarı Azərbaycanda məhkum olunmuş iki vətəndaşının azadlığa buraxılması ilə bağlı danışıqlar çərçivəsində dəstəkləyib. Paris belə bir razılaşmanı rəsmən təsdiqləməyib.

13

Avropa İttifaqı sentyabrın 22-də Rusiya və Özbəkistanla əlaqələri olan milyarder Əlişir Usmanovu sanksiya siyahısından çıxarıb. Fransanın bu qərarın qəbulunda əsas rol oynadığı bildirilir. “Le Monde” nəşrinin məlumatına görə, Parisin mövqeyi Azərbaycanda məhkum olunmuş iki Fransa vətəndaşının azadlığa buraxılması ilə bağlı danışıqlarla əlaqəli olub.

MSNews.az xəbər verir ki, “Le Monde”  nəşri Fransa hakimiyyətinin Usmanova qarşı məhdudiyyətlərin ləğvini dəstəkləməsini Bakı ilə aparılan danışıqlarla əlaqələndirib. Nəşrin yazdığına görə, söhbət Azərbaycanda məhkum edilmiş Fransa vətəndaşları Martin Rayan və Anass Derrazın azadlığa buraxılmasından gedir. Fransa tərəfi belə bir razılaşmanın mövcudluğunu rəsmən təsdiqləməyib. Azərbaycan rəsmiləri isə sanksiya qərarının Bakıdan gələn təzyiqin nəticəsi olması barədə iddianı rədd ediblər.

Rayan Azərbaycanda Fransanın xeyrinə casusluq ittihamı ilə 10 il, “Saur” şirkətinin təmsilçisi Derraz isə rüşvət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Rayan və Fransa tərəfi casusluq ittihamını qəbul etməyiblər. Derrazın işi üzrə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun və Fransa Prezidenti Emmanuel Makronun keçmiş köməkçisi Aleksandr Benallanın da adı hallanır.

Sentyabrın 23-də Martin Rayanın əfv edilərək həbsdən azad olunduğu barədə məlumat yayılıb. “Euronews” onun azadlığını Usmanovun Aİ sanksiya siyahısından çıxarılması ilə əlaqələndirir. Derrazın da azadlığa buraxıldığı barədə eyni məlumatda təsdiq yoxdur.

Usmanov 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ-nin sanksiya siyahısına daxil edilmişdi. Aİ onun Rusiya rəhbərliyi ilə yaxın əlaqələrinə istinad etmiş, milyarder isə bu iddiaları rədd etmişdi. Usmanovla yanaşı, iş adamı Mixail Fridman da siyahıdan çıxarılıb; digər şəxslər və qurumlarla bağlı sanksiyaların müddəti isə üç il uzadılıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti