Litva parlamenti ölkə ərazisində nüvə silahı da daxil olmaqla kütləvi qırğın silahlarının və xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsinə qoyulan konstitusiya qadağasının ləğvini dəstəkləyib. Sentyabrın 22-də keçirilən səsvermədə 99 deputat təşəbbüsün lehinə, 13 deputat əleyhinə səs verib, 5 nəfər isə bitərəf qalıb.
MSNews.az xəbər verir ki, dəyişiklik Litva Konstitusiyasının 137-ci maddəsinin çıxarılmasını nəzərdə tutur. Həmin maddə ölkə ərazisində kütləvi qırğın silahlarının və xarici dövlətlərə məxsus hərbi bazaların yerləşdirilməsini qadağan edir.
Bu barədə “Deutsche Welle” məlumat yayıb.
Qadağa hələ ləğv edilməyib. Konstitusiya dəyişikliyinin qüvvəyə minməsi üçün təşəbbüs parlamentdə daha iki dəfə səsverməyə çıxarılmalı və hər dəfə ən azı 94 deputatın dəstəyini almalıdır. Səsvermələr arasında azı üç ay fasilə olmalıdır.
Litva Prezidenti Gitanas Nauseda iyul ayında ölkənin təhlükəsizlik şəraitinin dəyişdiyini bildirərək mövcud konstitusiya qadağasının ləğvini dəstəkləmişdi. Bununla belə, qadağanın aradan qaldırılması Litvada nüvə silahının yerləşdirilməsi barədə ayrıca qərar qəbul edildiyi anlamına gəlmir.