İtaliya yığmasının 18 yaşlı sinxron üzgüçüsü Sara Mariya Rizea “Miss İtaliya 2026” gözəllik müsabiqəsinin qalibi olub. Gənc idmançı iki il əvvəl bədii üzgüçülük üzrə Avropa çempionatında gümüş medal qazanıb.
MSNews.az xəbər verir ki, müsabiqənin finalı sentyabrın 21-də İtaliyanın Santa-Severa qəsrində keçirilib. Liquriya bölgəsini təmsil edən Rizea 16 finalçı arasından qalib seçilərək “Miss İtaliya” titulunu qazanıb.
Rizea İtaliyanın bədii üzgüçülük üzrə milli komandasının və ölkə polisinin “Fiamme Oro” idman klubunun üzvüdür. O, 2024-cü ildə Belqradda keçirilən Avropa çempionatında Filippo Pelati ilə birlikdə qarışıq duetlərin texniki proqramında gümüş medal əldə edib.
Gənc idmançı gözəllik müsabiqəsindəki qələbəsindən sonra da idman karyerasını davam etdirmək niyyətində olduğunu bildirib. Onun gələcək hədəflərindən biri Olimpiya Oyunlarında iştirak etməkdir.